Kapital Bank-ın borcunun 86%-i depozitlərdən formalaşıb - İLLİK HESABAT
Reytinq cədvəllərinin ən yüksək pillərini tutan “Kapital Bank” ASC 2021-ci il üzrə göstəricilərini açıqladı. ENA.az xəbər verir ki, ötən bir il ərzində bank kreditlər üzrə faiz gəlirlərini artırıb, amma eyni zamanda depozitlərin faiz ödənişi üzrə xərclərini də kiçildib. Halbuki, müştəri depozitləri və cari yığımlarda artım 1 milyon 392 min manatdan yuxarıdır. Görünür, burada faiz məzənnəsi üzrə amillər mövcuddur. Daha bir maraqlı göstərici ondan ibarətdir ki, Kapital Bank xarici valyuta əməliyyatlarından əldə etditi gəliri (məzənnə dəyişməsi daxil olmaqla) 30 milyon 602 min manata çatdırıb.
Aktivlərin 40%-i kreditlərdir
Bankın balans hesabatına görə, 2021-ci ildə aktivlərini 28,4% artaraq 6 milyard 709,523 milyon manat olub. Kredit portfeli il ərzində 21,9% artaraq 2 milyard 652,56 milyon manata çatıb. Ümumilikdə aktivlərdə kredit portfelinin payı isə 40% təşkil edir.
Eyni zamanda, hesabat dövründə bank istehlak kreditləri üzrə portfelini 17,3% böyüdərək 1 milyard 602,384 milyon manata, biznes kreditləri üzrə kreditləri isə 30,4% böyüdərək 759,207 milyon manatadək artırıb.
Aktivlərdə digər ən böyük pay isə nağd vəsaitlərə aiddir - 2 milyard 505 milyon 811 min manat. Bank ötən bir ildə nağd vəsaitlərini 633 milyon manat artırıb. Gəlirlərini artırmaq üçün Kapital Bank təhlükəsiz gəlir mənbəyi kimi qiymətli kağızlara yatırımını yüksəlidib və ilin sonuna 1 milyard 114 milyon manata çatıb.
Bankın borcunun 86%-i depozitlərdən formalaşıb
Bankın öhdəlikləri 32% artaraq 6 milyard 61,327 milyon manat təşkil edir. Öhdəliklərin 86%-i depozitlərdən formalaşıb. Hesabata görə, Bankın depozit portfeli 5 milyard 192,419 milyon manatdır, bu isə illik 36,4 faiz artım olduğunu göstərir. Fiziki şəxslərin depozitləri isə 9,1% çoxalaraq 1 milyard 164,558 milyon manat təşkil edir.
Bölüşdürülməmiş kapitalı artıb
Bankın kapitalı 648,196 milyon manat (artım 2,2%), nizamnamə kapitalı 245,85 milyon manat (dəyişməmiş) təşkil edir. Bankın bölüşdürülməmiş mənfəəti il ərzində 9 milyon manat artaraq 363 milyon manat olub. Xatırladaq ki, 2021-ci ildə Kapital Bank səhmdarlarına dividend ödənişi etmişdi.
51 milyon vergi ödəyib
2021-ci ilin sonuna bankın xalis mənfəəti 179,963 milyon manat olub ki, bu da 2020-ci illə müqayisədə 40,5% azalmadan xəbər verir. Bankın faiz gəlirləri 474 milyon 180 min manat, faiz xərcləri isə 68 milyon 748 min manat olub. Bank depozitlər üzrə fazilərə 51 milyon 575 min manat ödəyib.
Qeyri-faiz gəlirləri 300 milyon 837 min manat, qeyri-faiz xərcləri isə 337 milyon 375 min manat təşkil edir. Bank mümkün zərərlər üçün 137 milyon 518 min manat əlavə ehtiyat yaradıb və ümumilikdə gəliri 231 milyon 376 min manat təşkil edib. Bu vəsaitin 51 milyon 413 min manatı isə mənfəət vergisi kimi büdcəyə ödənildiyindən bankın dövr üzrə ümumu mənfəəti 179 milyon 963 min manat olub.
Kapital Bank Azərbaycanın ən qədim bankıdır (140 ildən çoxdur fəaliyyət göstərir) və hazırda aktivlərin həcminə görə ölkənin ilk 3 bankındadır. Bankın səhmdarları PAŞA Holdinqdir (99,8755%) və fiziki şəxslərdir (0,1245%).