Ən çox pulu ərzaq və geyimə xərcləmişik: rəsmi göstəricilər
2021-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,2 milyard manatlıq istehlak malları satılıb ki, bu da 2020-ci illə müqayisədə 3,2% çoxdur.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, pərakəndə ticarət şəbəkəsində istehlakçılara 24 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları (artım 2,5%), 20,2 milyard manatlıq qeyri-ərzaq malları (artım 3,9%) satılıb.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 54,3%-i ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının, 15,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6%-i avtomobil benzini və dizel yanacağının, 5,2%-i elektrik malları və mebellərin, 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2021-ci il ərzində istehlak mallarının dəyər ifadəsində 26,3%-i ticarət müəssisələri, 52,2%-i fərdi sahibkarlar tərəfindən, 21,5%-i isə bazar və yarmarkalarda satılıb. 2020-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,6% artıb, fərdi sahibkarlar üzrə 1,5%, bazar və yarmarkalarda 2,1% azalıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 199,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 167,9 manatlıq qeyri-ərzaq malları alıb.
2020-ci ilin yekunları üzrə əhali istehlak mallarının alınması xərclərini 1,3% azaldıb.