Bütün pensiyalar fevraldan artırılacaq - Vahid Əhmədov
Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20% artırılaraq 200 manatdan 240 manata çatdırılıb. Bu artım pensiyalarının məbləği 240 manata qədər olan pensiyaçıları əhatə edir, onların pensiyaları isə yanvarın 1-dən 240 manata çatdırılaraq ödənilib.
Digər qrup pensiyaların artırılmaması əhali arasında çaşqınlıq yaradıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov açıqlamasında deyib ki, pensiyaların bu ilin əvvəlindən indeksləşdirilərək artırılması ötən ilin orta aylıq nominal əməkhaqqının illik artım tempinə dair Dövlət Statistika Komitəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edəcəyi rəsmi məlumata uyğun aparılacaq:
"Yəqin ki, artımlar fevral ayından başlayaraq veriləcək".
Parlamentarinin sözlərinə görə, digər qrup pensiyaların artımı üçün ayrıca sərəncam olmayacaq:
“Prezident bütün sərəncamları imzalayıb. Bilinir ki, sərəncam hansı pensiyaçılara şamil edilib. Bunun üçün ayrıca sərəncama ehtiyac yoxdur. Çünki hər il indeksasiya Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən aparılır. Yəqin ki, hazırda siyahı araşdırılır. Maaşlar da, pensiyalar da Komitənin məlumatlarına indeksasiya edilərək artırılır. Bu prosesdə qayda-qanun belədir".