Elm və Texnologiya

"Azerspace-1"ə yatırılan investisiyaların 80 %-i çıxarılıb

"Azerspace-1" peyki bu günə qədər qoyulan investisiyaların 80 %-ni çıxarıb. Bunu jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin sədri Saməddin Əsədov deyib.

S.Əsədov əlavə edib ki, peyk qarşıdakı 9 ildə də bu fəaliyyəti davam etdirəcək:

"İlk peykə 230 milyon ABŞ dolları investisiya yatırılmışdı. Peykin istifadə müddəti 17 ildir və onun artıq 8 ili geridə qalıb. Hələ qarşıdakı 9 ildə də bu peykin xidmətlərindən istifadə edəcəyik".

Xatırladaq ki, orbitə müxtəlif məqsədləri yerinə yetirən üç Azərbaycan peyki buraxılıb: “Azerspace-1” (2013), “Azersky” (2014) və “Azerspace-2” (2018).

“Azerspace-1” və “Azerspace-2” rəqəmsal teleradio yayımı və internetə giriş xidmətləri təqdim edə, çoxxidmətli VSAT şəbəkələri yarada, məlumatları ötürə və hökumət rabitəsini təmin edə bilər. Onların əhatə dairəsi çox sayda bölgəni – Şərqi, Orta və Qərbi Afrikanı, Avropanı və Orta Asiyanı əhatə edir.

“Azersky” peykini isə Azərbaycan “Azərkosmos”la Fransanın “Airbus Defence and Space” şirkəti arasında imzalanan müqavilə çərçivəsində əldə edib. Bu peyk Yer səthinin uzaqdan müşahidə edilməsinə imkan verir və sutka ərzində 6 milyon kvadratmetr ərazinin yüksək keyfiyyətli şəkillərini çəkmək üçün lazımi gücə malikdir.

“Azerspace-1” peykinin gəlirlərinin 80 %-i, “Azersky” peykinin gəlirlərinin isə 98 %-i xarici bazarlarda formalaşır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)