Manat son altı ildə ən yüksək həddə bahalaşıb: qeyri-neft məhsullarımız rəqabətdə "uduzur"
Azərbaycan milli valyutası son 6 ildə (2015-ci ilin devalvasiyasından sonra) əsas ticarət partnyorlarının valyuta səbətinə münasibətdə ən yüksək həddə bahalanıb.
Bu ilin noyabrında manatın qeyri-neft nominal effekiv məzənnəsi 2016-cı ilə nisbətən 29% yüksəkdir. Halbuki 2015-ci ilin yekunlarına nisbətən 2016-cı ildə qeyri-neft nominal effekiv məzənnə 30% ucuzlaşmışdı.
İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, problem ondadır ki, son 2 ildə Azərbaycanda inflyasiya səviyyəsi ticarət partnyorlarının orta çəkili inflyasiya səviyyəsindən yüksək olduğu üçün manatın real effektiv məzənnəsi daha üstün sürətlə bahalaşır. Ən azından hökumət inflyasiyanın daha aşağı səviyyəsinə nail olsaydı, yüksək templi nominal bahalaşmanın müəyyən hissəsi aşağı inflyasiya sayəsində daha aşağı göstəricilə real effektiv məzənnəyə ötürülərdi.
Müşahidə edilən meyl nəticəsində dünya bazarında Azərbaycanın qeyri-neft məhsullarının onsuz da zəif olan rəqabət qabiliyyəti daha da zəifləyir.
Doğrudur, Azərbaycanın qeyri-neft məhsul çeşidi və ixrac potensialı onsuz da böyük deyil. Amma hazırkı məzənnə siyasəti səbəbindən asılı olmayaraq hökumətin "qeyri-neft ixrac potensialı bizim üçün 1 nömərli prioritetdir" bəyanatlarına tamamən ziddir.
Manatın nominal effektiv məzənnəsinin sürətlə və davamlı bahalandığı şəraitdə inflyasiyanın da əsas ticarət partnyorlarına nisbətən yüksək olması iqtisadi inkişafa, xüsusən ixraca ağır zərbədir. Üstəgəl, nəzərə almaq lazımdır ki, məsələ təkcə qeyri-neft ixracatının rəqabət potensialının zəif saxlanmasında da deyil. Bu cür məzənnə şərtləri idxalı daha ucuz və sərfəli edir...
Məlumat üçün qeyd edim ki, təkcə bu il ərzində manatın nominal effektiv məzənnəsi 7.3%, real effektiv məzənnəsi 8.8% bahalanıb.
Real effektiv məzənnənin bahalnma tempi 2014-cü ildən sonra ən yüksək həddədir.
Real effektiv məzənnənin son 5 illik dinamikasına baxsaq, hazırda Azərbaycanın qeyri-neft ixracı 2016-cı ilin sonuna nisbətən təxminən 25% bahalıdır.