Qarabağ

“Ermənistanla sərhəddə, Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə vəziyyət nəzarətimiz altındadır"

“Müharibədən sonra Ali Baş Komandan Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyub və hərbi islahatların növbəti mərhələsinin başlanması barədə göstəriş verib”.

ENA.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyev modernləşmə, silahlanma və hazırlıq sahələrində ordunun ən yüksək göstəricilərə sahib olması üçün konkret plan və tədbirlər hazırlayıb, onların təxirəsalınmaz icrasını tapşırıb: “Ali Baş Komandanın etimadını ən böyük məsuliyyət kimi qəbul edən Azərbaycan Ordusu islahatların yeni mərhələsi nəticəsində daha da güclənəcək, tam modern və qüdrətli hərbi gücə çevriləcək.

Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyət daim nəzarətimiz altındadır. Burada baş verən hər hansı bir təxribata dərhal adekvat cavab verilir. Azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrimizdə qoşun xidmətinin təşkili, şəxsi heyətin döyüş hazırlığının və döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, yeni hərbi infrastruktur obyektlərinin yaradılması, bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin yaxşılaşdırılması, döyüş planlarının dəqiqləşdirilməsi, maddi-texniki, tibbi təminatın davamlı yüksəldilməsi, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi və bu kimi digər məsələlərin həlli gündəlik fəaliyyətimizin əsas prioritetlərindəndir”..

Müdafiə naziri vurğulayıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə keçirilmiş “Dəmir yumruq” əməliyyatı Ermənistanın faşizm və işğalçılıq siyasətinin başını əzib: “Cənab İlham Əliyev şəxsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Bu, Azərbaycan tarixinin ən möhtəşəm hərbi zəfəridir. Bu, əsrlər boyu davam edəcək qürur mənbəyimizdir.

Vətən müharibəsinin Zəfərindən sonra Azərbaycanın tarixində yeni mərhələ başlayıb. Tarixin ən şərəfli dövrünü yaşayan ölkəmiz bütün sahələr üzrə qazandığı nailiyyətlərin miqyasını genişləndirir, gələcəklə bağlı düzgün hədəflər müəyyənləşdirir və ona doğru böyük əzmlə gedir. Azərbaycan xalqı bugünündən razı, sabahına isə daha inamlıdır. Prezident İlham Əliyevin yaratdığı yeni hərbi, siyasi, iqtisadi reallıqlar Azərbaycanı Cənubi Qafqazdan Avrasiya məkanınadək bütün platformalarda böyük nüfuz sahibinə çevirərək qlobal miqyasda lider mövqeyinə çıxardı.

Ən əsası isə 30 il müddətində xarabalığa çevrilən, erməni vandalları tərəfindən dağıdılan Qarabağ torpağı və Şərqi Zəngəzur artıq quruculuq, inkişaf mərkəzinə, Qafqazın ən böyük inşaat meydanına çevrilir. Bir müddət öncə hər qarışı uğrunda şəhidlərimizin qanının töküldüyü torpaqlar indi gülüstana çevrilir”.

Vaxt keçdikcə amansız işğalın və savaşın izləri bu torpaqlardan silinəcək: “Lakin xalqımız tariximizin həm faciəli, həm də şərəfli dövrlərini əhatə edən 32 illik zaman kəsiyini - işğaldan Zəfərədək olan mərhələni heç vaxt unutmayacaq. Ali Baş Komandanın, Azərbaycan xalqının və Azərbaycan Ordusunun müəllifləri olduqları möhtəşəm əsər - Vətən müharibəsinin böyük Zəfəri əsrlər boyu xalqın yaddaşında yaşayacaq, onu yeni qələbələrə istiqamətləndirəcək.

Heç kəc unutmamalıdır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğ”u daim düşmənlərimizin başı üzərindədir və Azərbaycanın rəşadətli ordusu indi hərbi xidmətdə daha ayıq-sayıq, daha əzmli, daha güclü və daha hazırlıqlıdır. Azərbaycan Ordusu üçün Vətən müharibəsindəki Zəfər nəticə yox, başlanğıcdır. Növbəti Zəfərlərin başlanğıcı. Qarabağ Azərbaycandır!”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)