Qətər şirkətləri Qarabağın bərpasında iştirakla bağlı dəvət alıb
“Qətər və Azərbaycan arasında münasibətlər möhkəm dostluq, qarşılıqlı əməkdaşlıq və qarşılıqlı maraqlara əsaslanır. Qətər Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlıdır”.
Bunu Qətərin Azərbaycandakı səfiri Feysəl Abdulla Əl-Hinzab bu ölkənin Milli Günü münasibətilə keçirilən tədbirdə deyib.
Səfirin sözlərinə görə, Qətər bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır: siyasi, iqtisadi və mədəni, eləcə də hər iki ölkənin şirkətləri üçün ticarət və investisiya imkanlarının inkişaf etdirilməsi.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də öz növbəsində Qətərin milli bayramı münasibətilə təbriklərini çatdırıb, ölkələrin dünya arenasında hər zaman bir-birini dəstəklədiyini bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan ilə Qətər arasında möhkəm əlaqələr inkişaf edib, ölkələrin hüquqi bazası 40-a yaxın sənədi əhatə edir.
S.Babayev hazırda Azərbaycanın Ermənistanın işğalından azad etdiyi ərazilərdə infrastrukturun bərpası istiqamətində fəal iş apardığını qeyd edib və Qətər şirkətlərini bu prosesdə iştiraka dəvət edib.