Dünyanın ən bahalı ofisləri olan şəhərlərin adları açıqlandı - FOTO
Dünyanın ən bahalı ofisləri olan şəhərlər siyahısında kirayə qiymətlərinə görə, Honkonq və Nyu-York lider olub.
Bu barədə daşınmaz əmlak sahəsində maliyyə və hərtərəfli peşəkar xidmətlər göstərən “Jones Lang LaSalle” şirkətinin dünyada ən bahalı ofis sahəsi olan şəhərlər barədə hesabatından bəlli olur.
Məlumata görə, ən bahalı ofislər reytinqində ənənəvi lider Honkonq 2021-ci ildə öz yerini Nyu-Yorkda Midtaunla bölüşüb. Buna yüksək tələbat və kirayə qiymətlərinin artması səbəb olub. Bu şəhərlərdə icarəyə götürülmüş ofis sahəsinin hər kvadratmetri ildə 2900 dollara (4,9 min manat) başa gəlir.
İlk üçlüyə, həmçinin Pekində maliyyə küçəsi (2,2 min dollar/ 3,7 min manat ) və Londonda Vest-End də (2,1 dollar/3,6 min manat) daxildir.
Tədqiqatda həmçinin qeyd edilir ki, iri kirayəçilərin əksəriyyəti şəhər mərkəzlərində ofis icarəyə götürmək istəyirlər, bu da şəhərin mərkəzi ilə şəhərin digər hissələri arasında icarə fərqini genişləndirir.
Pandemiya zamanı gələcəyi sual altında olan biznes rayonları iş və ofis sahəsinə yeni yanaşma ilə hazırda yenidən diqqət mərkəzinə düşüb.