Sosial iqtisadiyyat

Azərbaycanda illik inflyasiya 6%-i keçib

2021-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-noyabr aylarına nisbətən 106,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 107,4%, qeyri-ərzaq məhsulları üzrə 104,8%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,4% təşkil edib.

ENA.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, cari ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5%, əvvəlki ilin noyabr ayına nisbətən 111,1% təşkil edib.

2021-ci ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,9%, əvvəlki ilin noyabr ayına nisbətən 114,9% təşkil edib.

Cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox artım manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, çörəyin, peçenyenin, düyünün, kolbasa məmulatlarının, toyuq, mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli və sterilizə olunmuş üzlü südün, kəsmiyin, xamanın, yoqurtun, pendirin, yumurtanın, kərə yağının, süfrə marqarininin, üzümün, bananın, armudun, qozun, fındığın, xiyarın, badımcanın, bibərin, kələmin, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, meyvə şirəsinin, arağın, azalma isə əsasən portağalın, naringinin, heyvanın, xurmanın, kivinin, pomidorun və çuğundurun qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin noyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5%, əvvəlki ilin noyabr ayına nisbətən 107,1% təşkil edib. Cari ilin noyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox artım minik avtomobilləri üçün ehtiyat hissələrinin, şüşə məmulatlarının, yemək qablarının, mebellərin, televizorların, geyim və ayaqqabıların, azalma isə əsasən kəsilmiş taxtaların və planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. 2021-ci ilin noyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6%, əvvəlki ilin noyabr ayına nisbətən 109,1% təşkil edib.

Cari ilin noyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksinin artması elektrik enerjisi və təbii qaz təchizatı xidmətlərinin əhali qrupu üzrə müvafiq olaraq aylıq və illik istehlak həcmlərinə görə tariflərinin dəyişdirilməsi nəticəsində elektrik enerjisi və təbii qaz təchizatı xidmətlərinin orta qiymətlərinin artması, habelə paltarların təmiri, kimyəvi təmizlənməsi və kirayəsi, ayaqqabı, məişət cihazları və minik avtomobillərinin təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində artımnın müşahidə olunması ilə bağlı olmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)