Hadisə

SOCAR əməkdaşı dənizdə itkin düşdü

Bu gün Neft daşlarında elektrik kimi çalışan əməkdaşlardan biri itkin düşüb.

ENA.az xəbər verir ki, bu barədə Neftçilərin hüquqlarının müdafiə komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında paylaşım edib.

“SOCAR Kompleks Qazma İşləri Trestinin Neft Daşları İstehsalat Bölümü 1779 saylı estakadayanı meydançanın qazma üzrə elektriki iş yerindən yoxa çıxıb.

Səhər saat 05:30 radələrində buruq ustası onu iş başında görüb. Səhər saat 7-də briqada növbəni dəyişdikdə həmin adamın olmadığını və meydançanın bir tərəfində ona məxsus qoruyucu kaskanı aşkar ediblər”, - M.Qəhrəmanlı bildirib.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumatı saytımıza təsdiqləyib.

“Dünən səhər saatlarında Neft Daşlarında bir əməkdaşımız itkin düşüb. Axırıncı dəfə 05:45 radələrində iş yerində görünüb. Daha sonra onu görən olmayıb. Meydançanın perimetri boyu və yataqxanada axtarış aparılıb, sahəyə axtarış işləri üçün dərhal bir neçə gəmi cəlb olunub”, - o vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)