Rəsmi

İlham Əliyev Pakistanın müdafiə istehsalatı nazirini qəbul edib

Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının müdafiə istehsalatı naziri, Azərbaycan-Pakistan Birgə Komissiyasının həmsədri xanım Zobaida Cəlalı qəbul edib.

ENA.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Xanım Zobaida Cəlalın səfərinin əməkdaşlığımızın genişləndirilməsi baxımından önəmi qeyd edilib.

Dövlət başçısı bu yaxınlarda Pakistan Prezidenti ilə görüşünü məmnunluqla xatırlayaraq bu görüşün çox uğurlu olduğunu və əlaqələrimizin möhkəmlənməsi işinə töhfə verdiyini vurğulayıb.

Prezident İlham Əliyev Bakıda keçiriləcək Azərbaycan-Pakistan Birgə Komissiyasının işinə toxunaraq bu tədbirin iqtisadi əməkdaşlığın genişlənməsi, ticarət dövriyyəsinin həcminin artırılması, biznes dairələri arasında əlaqələrin səviyyəsinin qaldırılması işinə xidmət edəcəyinə əminliyini ifadə edib. Dövlət başçısı investisiya qoyuluşu üçün prioritetlərin müəyyənləşdirilməsinin zəruriliyini də vurğulayıb.

Prezident İlham Əliyev Vətən müharibəsi dövründə Pakistanın Azərbaycanın ədalətli mövqeyinə verdiyi davamlı dəstəyə və qardaş mövqeyinə görə bir daha minnətdarlığını bildirib və Azərbaycan xalqının bunu yüksək qiymətləndirdiyini vurğulayıb.

Dövlət başçısı bu xüsusda qeyd edib ki, Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində iştirak edən xarici şirkətlər sırasında Pakistan şirkətlərini də görməkdən məmnun olardı.

Nazir Zobaida Cəlal ölkəsinin Azərbaycan ilə qardaşlıq əlaqələrini yüksək qiymətləndirdiyini vurğulayaraq bu münasibətlərin illər ərzində özünü doğrultduğunu bildirib. O, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Qələbənin Pakistanda bayram tədbirləri ilə qeyd edildiyini bildirərək bunu ölkələrimiz arasında olan qardaşlıq münasibətlərinin göstəricisi kimi dəyərləndirib.

Qonaq Azərbaycan-Pakistan Birgə Komissiyasının iclasının da əlaqələrimizin genişləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Görüşdə ticarət, enerji, nəqliyyat, turizm, təhsil və hərbi-texniki sahələr də daxil olmaqla əməkdaşlıq münasibətlərinin bütün sahələr üzrə genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının müxtəlif istiqamətlərdə daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Ölkələrimizin həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlarda daim bir-birini dəstəklədikləri xüsusi qeyd olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department