Elektrik sayğacları üzrə araşdırmalara dair qərar qəbul edilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mənzil-tikinti kooperativləri tərəfindən yeni inşa olunan çoxmənzilli binalarda elektrik sayğaclarının quraşdırılması ilə əlaqədar antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edib. İşə baxılması zamanı “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən çoxmənzilli yaşayış binalarında istehlakçılar üçün elektrik sayğaclarının onların özləri ilə deyil, mənzil-tikinti kooperativləri ilə bağlanılan müqavilə əsasında quraşdırıldığı və nəticədə sayğacların dəyərinin istehlakçılardan tələb edilməsi müəyyən olunub.
ENA.az bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.
Qəbul edilən qərara əsasən, fiziki şəxs olan istehlakçıların müraciətləri və onlarla bağlanılan elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında elektrik sayğaclarının enerji təchizatı müəssisəsinin hesabına quraşdırılması barədə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə göstəriş verilib. Bu göstəriş elektrik enerjisi təsərrüfatı qanunvericiliklə müəyyən edilən qaydada istismara verilən çoxmənzilli yaşayış binalarına aiddir. Həmçinin sözügedən mənzillərin elektrik şəbəkəsinə qoşulmasından irəli gələn digər məsələlərin həlli, o cümlədən aidiyyəti normativ hüquqi aktlar üzrə nəzərdə tutulan tədbirlərin Səhmdar Cəmiyyət tərəfindən təmin edilməsi də qərarda öz əksini tapıb.