Maşınların mühərrik həcminə görə yeni RÜSUMLARI
Azərbaycanda minik avtomobilinin mühərrikinin həcminə görə yeni dövlət rüsumları müəyyənləşir.
Bu barədə məsələ bu gün Milli Məclisdə müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin qeydiyyatına və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına görə bir sıra dövlət rüsumları dəyişir, bır sıra dövlət rüsumları isə Nazirlər Kabinetinin qərarı ilə deyil, qanunla müəyyənləşəcək.
Minik avtomobilinin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda - mühərrikinin həcminin hər kubsantimetrinə görə 0,05 manat;
3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikinin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrinə 0,1 manat;
4000 kubsantimetrədək olduqda - 200 manat + mühərrikinin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,2 manat dövlət rüsumu tutulacaq.
Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.