Azərbaycanın bank sektorunun aktivləri 14 % artıb
Bu il noyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 34 963,6 milyon manat təşkil edib.
ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il noyabrın 1-i ilə müqayisədə 13,95 % çoxdur.
Bankların aktivlərinin 14 819,8 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 12,8 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 42,8%-dən 42,4%-ə enib.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 15,1% artaraq 30 028,8 milyon manata, o cümlədən depozit portfeli 23,8% artaraq 24 026,1 milyon manata çatıb. Bunun 8 713,8 milyon manatı fiziki, 15 312,3 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 12,3 %, şirkətlərin banklardakı vəsaitləri isə 31,5% artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 1,5% azalaarq 370,2 milyon manat olub.
Sektorun balans kapitalı isə 7,4% artaraq 4 934,8 milyon manat təşkil edib.