Vergilər Nazirliyinin kalkulyatoru: Sizə maaşınızdan nə qalacaq?

Vergilər Nazirliyi öz rəsmi internet səhifəsində gələn ildən əmək haqqından tutulmaların hesablanması kalkulyatorunu yerləşdirib.
Kalkulyatordan istifadə etmək üçün siz müvafiq xanaya əmək haqqınızın hesablanmış (GROSS), yaxud xalis (NETT) məbləğini daxil etməlisiniz.
Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, 2019-cu il yanvarın birindən etibarən qeyri neft-qaz və dövlət sahəsində işləyənlər 8000 manata kimi əmək haqqından gəlir vergisi ödəməyəcəklər.
8 min manatdan yuxarı əmək haqqı alanlar isə 8 mindən artıq hissəsindən 14 faiz gəlir vergisi ödəyəcəklər.
Eyni zamanda, dövlət və neft sektoru da daxil olmaqla bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılır.
Hazırda 2500 manata kimi olan əmək haqqından 14 faiz, 2500 manatdan yüksək olan əmək haqqından 25 faiz gəlir vergisi tutulur.
Gələn il yanvarın 1-dən tətbiq ediləcək dəyişiklik isə 7 illik bir dövrü nəzərdə tutur və bu təklifin tərəfdarları hesab edirlər ki, belə bir vergi mühiti əmək haqlarının "ağardılması"na, qeyri-leqal məşğulluğun leqallaşdırılmasına, əmək müqavilələrinin geniş tətbiqinə, "kölgə iqtisadiyyatı"nın payının azalmasına səbəb olacaq.