Britaniya azad olunan ərazilərin minalardan təmizlənməsinə pul ayırıb
Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Deyvid Evans Britaniya hökumətinə ölkəsinin Azərbaycanın minalardan təmizləmə üzrə səylərinə bugünədək necə dəstək verdiyi, eləcə də bundan sonra hansı əlavə dəstəyi göstərəcəyi ilə bağlı yazılı sual ünvanlayıb.
ENA.az xəbər verir ki, Britaniya Xarici İşlər və İnkişaf nazirinin müavini Lord Qoldsmit parlamentarinin sualına belə cavab verib:
“Britaniyanın Azərbaycana minalar məsələsi ilə bağlı nə cür dəstək göstərə biləcəyinin müəyyən edilməsi üçün 2021-ci ilin iyun ayında Britaniyanın Müdafiə Nazirliyi Azərbaycana partlayıcı silahlarla mübarizə üzrə mütəxəssis göndərib. Sentyabr ayında isə Britaniya XİN-in Avropa qonşuluğu və Amerika regionu üzrə dövlət naziri xanım Vendi Morton regionda mövcud mina probleminin aradan qaldırılması istiqamətində zəruri addımların atıla bilməsi üçün ölkəsinin BMT-nin İnkişaf Proqramına 500000 funt sterlinq maliyyə yardımı ayırdığını elan edib. Bəhs olunan maliyyə vəsaiti Azərbaycanda minalardan təmizləmə işlərinə dəstək vermək məqsədi ilə bu sahə üzrə təlimlərin keçirilməsi və mütəxəssislərin cəlb edilməsinə xərclənəcək”.
Britaniyalı parlamentarinin sualı, eləcə də XİN rəsmisinin cavabı Britaniya parlamentinin rəsmi internet səhifəsinə yerləşdirilib.