Sosial iqtisadiyyat

Azərbaycanda bu kabel şəbəkə yayımçılarının lisenziyası ləğv olundu - SİYAHI

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclasında kabel şəbəkə yayımçısı lisenziyasının alınması üçün müraciətlərə baxılıb.

Bu barədə  MTRŞ-dan bildirilib.

Şuranın müvafiq qərarları ilə "Azəri Global Servis" QSC-nə abonent sayı 5000-dən çox olan kabel şəbəkə yayımçısı (yayım üsulu efir-kabel olmaqla) lisenziyası, "Sevenline" MMC-nə və "İTTNET" MMC-nə isə abonent sayı 5000-dək olan kabel şəbəkə yayımçısı (yayım üsulu internet olmaqla) lisenziyaları verilib.

Şura iclasında kabel (İPTV) operatorlarının fəaliyyəti, onların retranslyasiya etdikləri televiziya kanallarının lisenziyalı yayımının təşkil olunması məsələsi də geniş müzakirə olunub. Bildirilib ki, şuranın son bir ildə həyata keçirdiyi görüşlər, rəsmi yazışmalar nəticəsində əksəriyyət kabel (İPTV) operatorlarının retranslyasiya etdikləri kanallarla (və ya onların rəsmi agentləri ilə) bağladıqları müqavilələrin surətlərinin şuraya təqdim olunması təmin olunub. Bəzi operatorlara qanunvericiliyin bu tələbinə əməl etmədikılərinə görə son xəbərdarlıq edilib, "Şam" MMC (Smart TV Plus) barəsində isə inzibati protokol tərtib edilib və müvafiq rayon məhkəməsinə göndərilib.

İclasda bir sıra operatorların ümumiyyətlə yayım həyata keçirmədikləri müzakirə olunub və "Televiziya və radio yayımı haqqında" qanunun 23.2.7-ci maddəsinə əsasən həmin kabel şəbəkə yayımçılarına ("Digicom" MMC, "Mobil Yayım Sistemləri" MMC, "Pluton Satellite" MMC, "Caspel" MMC, "Avir TV" MMC, "MNS Service" MMC) verilmiş lisenziyaların qüvvəsinə xitam verilməsi barədə qərar qəbul olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)