TURİZM

Dağlar, qar, yemək: qışda Azərbaycanda harada zövqlə istirahət etmək olar?

“Soyuq” səfərlər üçün ənənəvi və çox qarlı olmayan bölgələr

"Qış istirahəti", "qış turizmi" anlayışı azərbaycanlıların həyatına son zamanlarda, xüsusi kurortların yaranması ilə daxil olub. Bundan əvvəl, Azərbaycanın bölgələrindəki bir çox otel evlərində şərait soyuq havaya uyğunlaşdırılmadığı üçün qışda yalnız ekstrimi sevənlər tətilə gedə bilərdi.

Hər şey təxminən 10-15 il ərzində dəyişdi. İndi bizdə Qusar bölgəsindəki məşhur "Şahdağ" və Qəbələdəki "Tufandağ" komplekslərindən başqa, qışda istirahət etmək üçün kifayət qədər sanballı yer seçimi var.

Əlbəttə ki, bir məqalədə payız-qış istirahətinin bütün gözəl və əyləncəli yerləri haqqında danışmaq mümkün deyil, amma ən maraqlı olanlarını əhatə etməyə çalışacağıq.

Ənənəvi "Şahdağ" və "Tufandağ"

Əlbəttə ki, həm “Şahdağ” xizək kompleksi, həm də Qəbələ qış istirahət mərkəzi yalnız yerli deyil, həm də xaricdən gələn on minlərlə turist cəlb etdi ki, bu da bizi sevindirir və qürur duymağa əsas verir.

Şahdağda 14 fərqli çətinlikdə xizək yolu, 12 kanat qaldırıcı, beş hotel, 20-yə qədər restoran və bar yüksək səviyyədə xidmət göstərir. Bundan əlavə, burada uşaqlar və yeni başlayan böyüklər də daxil olmaqla xizək sürməyin çətinliklərini öyrənmək üçün təlimlər təşkil olunub. Xanımlarınıza xizək maraqlı deyilsə, onlar üçün bir neçə spa və massaj daxil olmaqla fitness mərkəzləri, uşaqlar üçün oyun otaqları, buz meydançası və hətta paintball belə var. Burada gecə həyatı üçün əyləncələr də var, karaoke və diskotekalar daim xidmətinizdədir. Qısaca, günortalar xizək yolunda tərləyərək, gecələr isə rəqs edərək dincəlirsiniz.

 

Qəbələyə gəlincə - o da, demək olar ki, heç bir şəkildə rəqibindən geri qalmır: 10 xizək yolu, 4 qondol qaldırıcısı, kanat yolu, xokkey meydançası, atıcılıq klubu, kvadrasikl, karusellər, yelləncəklər, hər zövqə uyğun attraksionları olan Qəbələnd əyləncə mərkəzi. Burada hər şey həm böyüklər, həm də müxtəlif yaşda uşaqlar üçün nəzərdə tutulmuşdur. Siz dağ yolunda və ya gecə klublarında istirahət edərkən, otel personalı övladlarınıza baxa və əyləndirə bilər. Beləliklə, maliyyə imkanlarınız varsa, dəbdəbəli bir qış tətilinin bütün ləzzətlərini yaşayacaqsınız!

Cənuba ... qar dalıyca

Əgər xizək sürməyi, səs-küylü əyləncələri sevmirsinizsə, gözəl bir təbiətə və qarlı meşədə və ya tilovla gölün sahilində sakit bir ailə tətilinə üstünlük verirsiniz - axı qış balıq ovu həvəskarlarımız çoxdur, - onda sizə Azərbaycanın cənub zonasına diqqət yetirməyi məsləhət görürəm. Lənkəran, Yardımlı, Lerik şəhərlərinə səfər edən Rusiyalı tanışlarım səmimi olaraq təəccübləndilər: "Axı bu turistik Klondaykdır, niyə inkişaf etdirmirsiniz?"

Odur ki, məsləhətim Lənkərana, məsələn, Hirkan qəsəbəsində göl sahilində yerləşən Xanbulan istirahət mərkəzinə getməkdir. Meşədə dağlara baxan kotteclər, gözəl yerli mətbəx, təzə ləvəngi balığı, düz təndirdən çıxan pendirlı isti çörək, quzu kababı - bundan dadlı nə ola bilər! Qarla örtülmüş meşədə gəzin, xırtıldayan qarın üzərində gəzərkən hər bir addımdan zövq alın, uşaqlarla qartopu oynayın və istəsəniz, yerli əhalidən tüfəng götürüb özünüzü əsl ovçu kimi hiss edin.

Uşaqlar üçün kirşə sürməyi, böyüklər üçün isə təmiz havada piknik təşkil etmək tamamilə problem deyil. Lənkəranlılardan xahiş edin ki, sizin üçün qış balıq ovu təşkil etsinlər və öz ovladığınız balıqları ocaqda qızardın.

Yardımlı şəhərinə səfər etmək mütləqdir - möhtəşəm dağ mənzərələri, hündürlüyü 34 metrdən çox olan "Təkdəm" şəlaləsi selfi çəkdirməyi sevən turistlərin ən sevimli yeridir. Uzun müddətdir qar görməyən Bakı uşaqlarının sevincinə dağlara çoxlu qar yağır. Bütün marşrut boyu ətirli Lənkəran çayı olan çoxlu kabab və çay evləri mövcuddur.

Növbəti dayanacaq yüzilliklərin yurdu olan Lerik şəhəridir. Allah Lerikə elə təbiət bəxş etmişdir ki, burada insanlar yüz ildən çoxdur yaşayır, onların uzunömürlülüyünün sirlərini öyrənməyə çalışın. Mərkəzdən 20 km aralıda qaban, dovşan, tülkü, kəklik və quşla dolu, dağların və meşələrin birləşməsi olan Bülüdül və Zərinqala istirahət zonaları yerləşir. Burada təmiz dağ suyu bulaqları, kiçik şəlalələr vardır ki, onların da bir hissəsi donur və buz heykəllərinə çevrilir. Qızardılmış bıldırcın və müxtəlif otlarla çay təklif edən restoranlar var.

Ölkənin cənubuna baş çəkərkən İstisu termal mənbəyini diqqətdən qaçırmaq olmaz. Müalicəvi xassələrə malik yeraltı suların temperaturu 70 dərəcəyə çatır, artıq kaloriləri çox gözəl yandırır. Lazım olanı da budur, çünki cənubda çox güman ki, bir neçə kilo yığacaqsınız - buradakı hər şey o qədər dadlı və yüksək kalorilidir...

Sonra yerli sakinlərdən birinin müşayiəti ilə meşənin dərinliyinə gedirik, burada bu inanılmaz səssizlikdən kar və saf qarın ağlığından kor ola bilərsiniz. Bəxtiniz gətirsə, bələdçi sizi ovladığı quş ətindən qovurma süfrəsinə qonaq edəcək. Şəhərdə heç bir şiş kababı bu dadı əvəz etməyəcək. Burada aeroxizək olmayacaq, lakin xizəklər (hətta əlqayırma) uşaqlara daha çox zövq gətirəcək. Bir çoxları mənimlə razılaşacaqlar ki, qışda İSTİRAHƏT məhz belə olmalıdır !!!

 

Qaz - uzaqdır, amma buna dəyər!

Payız-qış mövsümündə təmiz dağ havası, zəngin təəssüratlar və yeni mətbəx ləzzətləri axtarışında növbəti istiqamət Qax rayonudur. Rayon mərkəzinə girən kimi dərhal gözünüzə dəyəcək - buradakı evlər Azərbaycanın digər kiçik şəhərlərindəki kimi deyil, bişmiş kərpiclər və qırmızı kirəmitli damlar bizə o qədər də tanış deyil. Ancaq bunun bir izahı var - bu kiçik bölgədə 20-dən çox millət yaşayır, bunların arasında çoxlu gürcü-ingiloy, saxur, ləzgi, rus və əlbəttə azərbaycanlı yaşayır. Yerli sakinlərdən şəhərin mərkəzində İçəribazarın və bir çox qədim tarixi abidələrin olduğunu öyrənəcəksiniz və bir gündə onları gəzəcəksiniz.

Mən isə sizin diqqətinizi başqa yerə yönəltmək istəyirəm - şəhərin yuxarı hissəsinə qalxın və gürcü-ingiloyların yaşadığı Qax-başi kəndinə üz tutun. Hər bir ailənin öz üzüm bağları və təkrarolunmaz şərabları var, və onlar sizi məşhur gürcü qonaqpərvərliyi ilə səmimiyyətlə qonaq edəcəklər (yeri gəlmişkən, onlar hesab edirlər ki, əgər şüşə açılıbsa, onu axıra qədər bitirmək lazımdır, amma axı şüşələr müxtəlif olur). Sizi özünüzü qış nağılında hiss edəcəyiniz sehrli yerlərə çağıracaq və ya hətta müşayiət edəcəklər. Bir çox kənd ətrafında xizək və uşaq kirşəsi sürmək üçün ideal yerlər var.

Qaxın ən məşhur qəsəbəsi, əlbəttə ki, bütün ziyarətçilərin cazibə mərkəzi olan İlisu qəsəbəsidir. "Qorxma, mən səninləyəm" filminin qəhrəmanlarının sığındığı qülləni xatırlayırsınız? Həmin qala məhz burada yerləşir və Sumuqqala adlanır. İlisunun və bütün Qax bölgəsinin incisi, İlisu şəlaləsi və ya Ram-rama hesab edilir. Buzlu su, on mərtəbəli binanın hündürlüyündən dağın başından aşağı axır. Şəxsən mən saxur kəndi Lekitdən uzaq olmayan yaşıl Mamırlı şəlaləsini daha çox bəyənirəm. Əlbəttə ki, hündürlüyü daha azdır, ancaq öz növünə görə unikaldır, Azərbaycanda bənzəri yoxdur. Şəlalə naxışların arasından suyun süzüldüyü xalçanı xatırladan yaşıl mamırla örtülüb. Şəlalə qışda donur və mütləq görülməli olduğunuz buzlu qaya şəkilinə çevrilir.

Qarlı meşədə, soyuq qış havasında dağ yollarında gəzinti və təmiz dağ havası iştah oyatdığını, və mədə sərf olunan kalorilərin qaytarılmasını tələb etməyə başladığını nəzərə alaraq məsləhət verəcəyəm - bir gürcü-ingiloy restoranı tapın və tkemali ilə xinkali sifariş edin, tam isinmək istəyirsinizsə yerli chacha və ya tut arağının dadına baxın. Ancaq unutmayın - sadəcə dadına baxmalısınız, çünki yerli şərabçıların dediyi kimi, bir neçə stəkan tut və ya zoğal arağından sonra hər kəs masadan qalxmağı bacara bilmir.

“Qarın bayramı”-ndan danışırıqsa, bilməlisiniz: Azərbaycanın heç bir yerində İlisudakı kimi “sürhüllü” hazırlaya bilmirlər. Yerli aşpazların iddia etdiyi kimi, bunun üçün uzun illər təcrübə tələb olunur (fuqa balıqının bişirilməsi ilə bir növ analogiya aparılır). Bu diyarın şah yeməyi, sarımsaqlı alça və göyərtili xüsusi ədviyyatda qoyun ətindən hazırlanmış sousun xəmirlə qarışığıdır. Bu, İlisu kulinariya sənətinin zirvəsidir!

Ancaq Qaxın yalnız qurmanlar üçün olduğunu düşünməməyiniz üçün kəndin kənarına gedin, ayaqlarınızın altındakı qarın xırçıltısına qulaq asın, yüksəklikdən təmiz qarla örtülmüş dağ yamaclarına baxın və əmin olun ki, qışda Qax yaydan daha gözəl və mənzərəlidir, hətta daha "dadlıdır". Bu gözəl bölgənin dağlarda və qarla örtülü meşələrində gəzmək, fiziki cəhətdən sizi yorsa belə, yüksək sürətli xizək yamaclarında düşdükdən sonra döyülmüş dizlərdən daha çox zövq alacaqsınız. Ümumiyyətlə, qastronomik bayramla birlikdə qış ekoturizmi yetkin yaşlı insanları daha çox cəlb edir.

Şamaxı - qar və ulduzlu səma

Uzun səfərlər üçün o qədər də çox vaxtınız yoxdursa – nə də olsa qış tətil mövsümü deyil - ailənizi həftə sonu Şamaxı bölgəsinə aparın. Bir saatdan bir az çox yol getdikdən sonra tamamilə başqa bir dünyaya düşürsünüz, heç bir avtomobil tıxacı, şəhərin səs-küyü olmadan və ağciyərləriniz qazlı havanı deyil, dağların ətri ilə təmiz oksigenli havanı nəfəs alırsınız. Ümumi inkişaf üçün Şamaxı - Nəsiminin, Xəqaninin, Sabirin vətəni - Azərbaycanın ən qədim şəhərlərindəndir və burada görüləcək bir şey var, amma ... bu dəfə deyil. Dərhal astrofizik rəsədxanası ilə məşhur olan, şəhərdən 20 km uzaqlıqda yerləşən Pirqulu qəsəbəsinə gedin, lakin gecə vaxtı yalnız ulduzlu səmanı güclü teleskopda seyr etmək üçün deyil (açıqdırsa), həm də ona görə ki, qışda buraya o qədər qar yağır ki, hər kəsə bəs edir. Şamaxıda sizin üçün xizək, aeroxizək, dağ yamaclarında piyada və atla gəzintilər təşkil edən bir neçə gözəl otel vardır. Bəzi otellərin ərazisində sizin üçün qış balıq ovu təşkil edə biləcək kiçik göllər var, nə də olsa tutduğunuz bir alabalıq satın alınandan həmişə daha dadlıdır. Pirqulu sakinləri turistləri sevirlər, buna görə də övladlarınızın istəklərini məmnuniyyətlə yerinə yetirəcəklər.

Bir sözlə, Azərbaycanın ən qeyri-turist bölgələrində belə, istək və kiçik fürsətlər olandan sonra özünüz və ailəniz üçün unudulmaz bir qış tətili təşkil edə bilərsiniz. . Ümid edirəm ki, kömək edə bildim! Xoş səyahətlər!

Aviatravel.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)