Aqrar

Yaponlar Azərbaycanın aqrar sektoruna daha 40 milyon dollar sərmayə qoyacaq

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı qələbədən sonra Azərbaycan yeni bir tarixi mərhələyə qədəm qoyub. “Azərbaycan 2030: Sosial İnkişafa dair Milli Prioritetlər” əsasında ölkəmizdə dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi üçün geniş imkanlar açılıb".

Məlumata görə, bunu İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib.

Onun sözlərinə görə, dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət münasibətlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq: "Şübhəsiz ki, bu gün sənaye müəssisələrinin ixtisaslaşmış klasterlərdə yerləşməsi Azərbaycanın 2030-cu ilə qədər sənayeləşmə strategiyasının əsas istiqamətlərindən biridir. Prezident İ.Əliyevin inzibati mexanizmlərin təkmilləşdirilməsi, bu strukturların istehsal səmərəliliyinin artırılması üçün "Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanı, eyni zamanda dövlət başçısının iştirakı ilə "Araz Vadisi İqtisadi Zonası" sənaye parkının təməlinin qoyulması, Ağdam sənaye parkı ilə bağlı qarşıya qoyulan məqsədlər nəticəsində həyata keçirilən institusional islahatlar investisiya cəlbediciliyinin yüksəlməsində müstəsna əhəmiyyətə malikdir".

O qeyd edib ki, Qarabağın və Şərqi Zəngəzurun sənaye potensialının canlanması həm qeyri-neft sektoruna yeni böyük investisiyalar cəlb etmək, həm də ölkə daxilində səmərəli istehsal zənciri yaratmaq üçün güclü bir stimul olacaq: "İqtisadiyyatın bütün komponentlərinin Ümumi Daxili Məhsulun formalaşmasında paritet paya sahib olması bu fəaliyyətlər nəticəsində reallığa çevriləcək".

M.Musayev əlavə edib ki, Yaponiyanın “TET İnternational Development” şirkəti ilə aparılan belə görüşlər nəticəsində ölkəmizin aqrar sektoruna 10 milyon dollar investisiya yatırılıb, daha 40 milyon dollar investisiyanın yatırımı gözlənilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)