Azərbaycanda vergi sahəsində e-imza ilə bağlı yeni həllər tətbiq olunacaq
Dövlət Vergi Xidməti elektron imza (e-imza) ilə bağlı yeni həllərin tətbiqi və texnologiyalar əsasında təkmilləşdirilməsi istiqamətində işlər aparır.
Dövlət Xidmətindən verilən məlumata görə, hazırda vergi ödəyicilərinə xidmət mərkəzlərində qəbul olunan ərizə və digər sənəd formalarının rəqəmsal əl imzası avadanlıqları vasitəsilə təsdiq edilməsinə başlanılıb.
Rəqəmsal əl imzası avadanlıqlarının tətbiqi zamanı sənədlər PDF faylda tərtib olunaraq imzalanmalıdır.
Bu avadanlıqların tətbiqi müraciət edən şəxslər tərəfindən kağız formasında ərizə və arayış formalarının tərtib edilməsi, bazada mövcud olan məlumatların kağız formasında tərtib olunacaq ərizə və arayış formasına təkrarən daxil edilməsi, tərtib olunan kağız daşıyıcıda olan sənədlərin skan edilməsi kimi bir sıra zərurətləri aradan qaldırır. Tətbiq edilən yenilik vergi ödəyicilərinə göstərilən xidmətlərə sərf olunan vaxtın, habelə insan və maliyyə resurslarının azaldılmasına, daha çox vergi ödəyicisinə xidmət edilməsinə imkan yaradıb, eləcə də kağız daşıyıcıda aparılan sənəd dövriyyəsini əhəmiyyətli şəkildə azaltmaqla ətraf mühitin mühafizəsinə töhfə verib.