ENA+

Azərbaycan və İran XİN başçıları telefonla DANIŞDI

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.

Bu barədə İran XİN-in mətbuat xidməti məlumat yayıb.Telefon danışığı zamanı iki ölkə arasında münasibətlərin son vəziyyəti müzakirə edilib.

İran XİN-in yaydığı məlumatda bildirilib ki, tərəflərin söhbətində ölkələrin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmətin vacibliyi vurğulanıb. İran XİN rəhbəri Bakı və Tehran arasında uzunmüddətli və dayanıqlı münasibətlərin olduğunu bildirib. Hüseyn Əmir Abdullahiyan iki ölkə arasında münasibətlərdə anlaşılmazlığın qarşısının alınmalı olduğunu, əlaqələrin güclənən və artan istiqamətdə davam etməsinin vacibliyini qeyd edib. O bildirib ki, Tehran nəqliyyat tranzitində olan problemlərin tezliklə həll olunacağına ümid edir.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da Azərbaycan və İran arasında dost münasibətlərin olduğunu iranlı həmkarının diqqətinə çatdırıb və əlavə edib ki, qonşu ölkələrlə dost münasibətlər Azərbaycan üçün prioritetdir. C.Bayramov məsələlərin dialoq yolu ilə səmimi atmosferdə həllinin vacibliyini qeyd edib.

Hər iki nazir bir-birini Tehrana və Bakıya dəvət edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department