2020-ci ildə SOCAR-ın yataqlarından qaz hasilatının maya dəyəri 1% azalıb
2020-ci ildə SOCAR-ın yataqlarından qaz hasilatının maya dəyəri 2019-cu illə müqayisədə 1% və ya hər 1 min kubmetr üçün 61,27 manatadək azalıb.
Bu barədə SOCAR-ın saytında dərc olunan şirkətin 2020-ci il ərzində illik hesabatında deyilir.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, sənədə əsasən, mədən vergisi nəzərə alınmadan 2020-ci ildə SOCAR şirkətinin 1 min kubmetr qaz hasilatının maya dəyəri 49,44 manat təşkil edib (azalma 1,3%).
Maya dəyəri strukturunda əmək haqqının xüsusi çəkisi 13,9%, material xərcləri 3,4%, sosial sığortalara ayırmalar 2,9%, amortizasiya ayırmaları 18,2%, təmir xərcləri 8,2%, əsas vasitələrin texniki xidmət xərcləri 4,7%, mədən vergisi 17,7%, nəqliyyat xərcləri 14,5% təşkil edir. Qalan göstəricilər digər xərclərin payına düşüb.
2020-ci ildə şirkət üzrə qaz hasilatının maya dəyərinin azalması material xərclərinin (16%), elektrik enerjisi xərclərinin (43,4%), amortizasiya xərclərinin (21,6%), mühafizə xərclərinin (17,9%) və qalan vergilərə xərclərin (0,4%) azalması ilə şərtlənir.
Şirkətin qazın dəyəri nəzərə alınmaqla, hasilatın pay bölgüsü sazişlərinin şərtləri üzrə əməliyyat şirkətlərindən əldə etdiyi, emal, saxlanma və nəql xərclərindən, qaz hasilatı xərclərindən başqa 2020-ci ildə SOCAR-ln 1 min kubmetr qaz üçün faktiki xərcləri 140,24 manat təşkil edib.
Hesabata əsasən, 2020-ci ildə SOCAR şirkəti üzrə qaz hasilatı 7 milyard 818,6 milyon kubmetr təşkil edib (artım 7,7%). Eyni zamanda, 5 mlrd. 922,7 mln. kubmetr “Azneft” İB-nin (SOCAR-ın neft və qaz hasilatı üzrə strukturu) (artım 5,4%), 1 milyard 421,3 mln. kubmetr quru yataqlarının işlənməsi iklə məşğul olan birgə müəssislər və əməliyyat şirkətlərinin payına düşüb (artım 18,5%)