Yük maşınları və daşınan malların ölkəyə daxil olma qaydası təsdiqlənib
Yük nəqliyyat vasitələrinin və onların sürücülərinin, həmçinin yük nəqliyyat vasitələri ilə daşınan malların Azərbaycan ərazisinə daxil olması qaydası müəyyənləşib.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarla, yük nəqliyyat vasitələrinin və onların sürücülərinin, həmçinin yük nəqliyyat vasitələri ilə daşınan malların Azərbaycan Respublikasının ərazisinə daxil olması zamanı sərhəd və gömrük nəzarəti aşağıdakı ardıcıllıqla həyata keçirilir:
sərhəd mühafizə orqanları yük nəqliyyat vasitələrinin və onların sürücülərinin, həmçinin yük nəqliyyat vasitələri ilə daşınan malların DSBM-in ərazisinə daxil olmasını təmin edirlər;
yük nəqliyyat vasitələri, onlarla daşınan mallar, həmçinin sürücülər üzərilərində radioaktiv maddələrin mövcudluğunun yoxlanılması məqsədilə sərhəd mühafizə orqanları tərəfindən portal radiasiya monitorlarından keçirilir;
yük nəqliyyat vasitələrinin və onlarla daşınan malların çəki göstəricilərinin gömrük orqanları tərəfindən müəyyən edilməsi məqsədilə yük nəqliyyat vasitələri yoxlama tərəzilərindən keçirilir;
yük nəqliyyat vasitələrinin sürücüləri və həmin nəqliyyat vasitələrində ola biləcək sərnişinlər sərhəd mühafizə orqanları tərəfindən sərhəd nəzarəti kabinələrinə istiqamətləndirilir və yük nəqliyyat vasitələrinin sürücüləri, həmçinin yük nəqliyyat vasitələri barədə məlumatlar İAMAS-a daxil edilir;
sərhəd nəzarəti başa çatdıqdan sonra yük nəqliyyat vasitələrinin sürücüləri barəsində gömrük nəzarəti həyata keçirilir;
malların və nəqliyyat vasitələrinin gömrük orqanları tərəfindən VAİS-də qeydiyyatı bunun üçün xüsusi olaraq ayrılmış yerlərdə aparılır və baxış və eyniləşdirilmə üzrə işlər həyata keçirildikdən sonra malların və nəqliyyat vasitələrinin təyinatı üzrə çatdırılmasına icazə verilir.
“Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ almış şəxslərin adına malları gətirən nəqliyyat vasitələrinin gömrük nəzarəti üzrə qeydiyyat və baxış əməliyyatları birincilik qaydasında, bunun üçün müəyyən olunmuş yerlərdə aparılır.
Sərhəd mühafizə və gömrük orqanları tərəfindən yük nəqliyyat vasitələrinə baxış keçirilməsi məqsədilə səlahiyyətləri daxilində, qarşılıqlı əlaqədə aşağıdakı hərəkətlər yerinə yetirilir:
yük nəqliyyat vasitələrinin kabinələrinin və digər hissələrinin yoxlanılması;
plombların, möhürlərin, bağlayıcı qurğuların və digərlərinin bütövlüyünün və etibarlılığının yoxlanılması;
yük bölmələrinin bütövlüyünün (tentlərin, trosların və s.) yoxlanılması;
malların daşınması gömrük təminatı olmayan nəqliyyat vasitələri ilə həyata keçirildikdə, mallara baxış keçirilməsi.
Göstərilən hallar üzrə uyğunsuzluqlar aşkar edildikdə, nəqliyyat vasitələrinin buraxılışı yalnız həmin uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra təmin edilir.
Yük nəqliyyat vasitələrinin və onların sürücülərinin, həmçinin yük nəqliyyat vasitələri ilə daşınan malların üzərində sərhəd və gömrük nəzarəti başa çatdıqdan sonra onların buraxılışı sərhəd mühafizə orqanları tərəfindən təmin edilir.