Sosial iqtisadiyyat

Sumqayıt Məhkəmə Kompleksində 50-dək hakim, 240 işçi fəaliyyət göstərəcək

Sumqayıt Məhkəmə Kompleksi Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində inşa olunub.

ENA.az xəbər verir ki, konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən müasir Məhkəmə Kompleksi altı məhkəməni, o cümlədən Sumqayıt apellyasiya, inzibati, kommersiya və ağır cinayətlər, Sumqayıt şəhər, eləcə də müvəqqəti olaraq Qubadlı rayon məhkəmələrini əhatə edir.

"Bir qapı" prinsipi ilə fəaliyyət göstərəcək məhkəmə kompleksi ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına xidmət edəcək.

Məhkəmə zallarında proseslərə "Elektron məhkəmə" informasiya sistemi və digər müasir İKT-lərin tətbiqi ilə daha keyfiyyətli baxılması və şəffaflığın təmin edilməsi üçün "Femida" sistemi quraşdırılıb. Burada 50-dək hakim, ümumilikdə isə 240 işçi fəaliyyət göstərəcək. Sumqayıt Məhkəmə Kompleksində yaradılmış müasir şərait təxminən 1 milyon 460 min əhaliyə yüksək səviyyədə məhkəmə xidmətləri göstərməyə imkan verəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 3-də Sumqayıt Məhkəmə Kompleksinin açılışında iştirak edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department