Neft Fondunun bölüşdürülməmiş mənfəəti 40 milyard manatı ötüb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2020-ci ili 5 milyard 360,109 milyon manat xalis mənfəətlə başa vurub.
ENA.az xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 24,2 % çoxdur.
Hesabat dövründə ARDNF-in bölüşdürülməmiş mənfəəti isə 15,3 % artaraq 40 milyard 268,812 milyon manata çatıb.
Ötən il ARDNF-in cəmi əməliyyat gəliri 5 milyard 327,956 milyon manat (əvvəlki illə müqayisədə 19,9 % çox), əməliyyat xərcləri isə 87,460 milyon manat (15,4 % az) təşkil edib. Fond həmçinin birgə müəssisələrin vergidən sonrakı maliyyə nəticələrində 32,871 milyon manatlıq pay, törəmə müəssisənin satışından isə 86,149 milyon manat gəlir əldə edib. Eyni dövrdə ARDNF-in mənfəət ödəmələrindən qənaəti isə 0,593 milyon manat olub.
Qeyd edək ki, 2021-ci ilin iyulun 1-nə ARDNF-in aktivləri 44 milyard 104,9 milyon ABŞ dolları təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1,2 % çoxdur. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. 6 ay ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb.