Nazir müavinindən xəbərdarlıq: Sənədləşmə mütləq olmalıdır
Hər şey uçotdan başlayır, ya sərhəddən keçir bu məhsul, ya da yerli istehsaldır. Cəmi 5-6 gömrük postu var, yerli istehsal da məlumdur. Bəs niyə məhsulun sənədi yoxdur?
"BI" xəbər verir ki, vergilər nazirinin müavini Sahib Ələkbərov bu gün keçirilən mətbuat konfransında 2019-cu ildən ölkədə uçot sisteminin qurulmasının artıq bir tələbə çevriləcəyini vurğulayıb:
“Bu, olmalıdır, istehsalçılarımızla görüşmüşük, deyirlər, biz veririk, ticarət şəbəkəsində çalışanlar, o zəncirdə olanlar istəmirlər. Və yaxud da deyirlər, sənəd almamışıq. Gömrükdə bilirsiniz ki, ciddi şəffaflaşdırma tədbirləri görülür və onlar da deyir ki, biz sənəd veririk. Bəs hanı? Ona görə də qanunvericiliyə elə bir dəyişikliklər edildi ki, bu söz-söhbətlər yığışdırılsın. Bunların hamısı dövləti aldatmaqdır, başqa adı yoxdur. Bunlar yığışdırılmalıdır”.
S.Ələkbərov mal-məhsul dövriyyəsinin qeydiyyatının onun mənbəyi və izlənməsi üçün mühüm olduğunu vurğulayıb:
“Biz malı görürük. Biz onun haradan gəldiyini, mənbəyini bilməliyik. Bundan sonra onu izləməliyik ki, bu məhsullar hansı topdansatış mərkəzi və ya aptek bazasına gedir, harada satılır. Azərbaycan kimi bir ölkədə bunu etmək Rusiya və Avropadakı kimi böyük ölkələrdən qat-qat asan olmalıdır. Amma bizdə söhbət gedəndə hamının ağlına ilk gələn budur ki, güzəşt verilsin.
Dünya dövlətlərində vətəndaşlar vergi ödəməkləri ilə fəxr edirlər və hökumətdən də tələb edirlər ki, mən bu vergini ödəmişəm, hara xərclənib?”
Vergilər Nazirliyinin rəsmisi sahibkarlara xəbərdarlıq edib:
“Sənədləşmə mütləq olmalıdır və bütün istiqamətlərə aiddir. Neçə illərdir ki, nağdsız ödənişlər barədə söhbət gedir. Amma azalırmı, xeyr, təssüflər olsun”.