Cahangir Hacıyev və Dünyamin Xəlilovun işi ilə bağlı yeni apellyasiya baxışı təyin olunub
Aralarında “Azərbaycan Beynəlxalq Bankı” ASC İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev, sabiq deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadənin də olduğu 23 nəfər təqsirləndirilən şəxsin cinayət işi üzrə yeni apellyasiya baxışı təyin olunub.
Məlumata görə, iş Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlının icraatına verilib.
İlkin baxış iclası sentyabrın 1-ə təyin edilib.
Məlumata əsasən, Ali Məhkəmənin 16 iyun 2021-ci il tarixli qərarı ilə Cahangir Hacıyev və digərləri barəsində Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2020-ci ildə çıxarılmış qərarı ləğv olunub və iş ilə bağlı mülki iddiaya dair hissədə yeni apellyasiya baxışı təyin edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyevə 16 il 6 ay, Dünyamin XəIilov 14 il 6 ay, İsmayıl Hidəyətzadə isə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Təqsirləndirilən şəxslərin Bakı Apelyasiya Məhkəməsinə şikayətindən sonra C.Hacıyev və D.Xəlilovun cəzasının 3 ay, İ.Hidayətzadənin cəzasının isə 6 ay azaldılması ilə bağlı qərar çıxarılıb. Qərardan narazı qalan C.Hacıyev və digərləri ötən il Ali Məhkəməyə kassasiya şikayəti veriblər.
Xatırladaq ki, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə, ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.