"Canlarını qurtara bilməyəcəklər" - VERGİLƏR NAZİRLİYİNDƏN XƏBƏRDARLIQ
“Bu gün vergi verməyən və ya vergidən yayınan sahibkar bundan sonra "vəziyyətim pisləşdi" deyib səs-küy sala bilər”.
"BI" xəbər verir ki, bu sözləri Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
O bildirib ki, normal vergisini ödəyən şəxslər üçün heç bir mənfi hal baş verməyəcək:
“Bunları ayırmaq lazımdır. Daş karxanaları böyük məbləğlərdə pullar qazanır. Amma yaddan çıxartmayaq ki, onların çörəyi daşdan çıxır və sizin dediyiniz adamlar arxada duran, sadəcə karxanalara nəzarət edən şəxslərdir. Amma heç kim arxayınlaşmasın. Karxanaların yoluna daş töküb bağlamaqla canlarını qurtara bilməyəcəklər.
- Eləcə də bax: "Zəruri tədbirlər görüləcək"
Biz indi "Azərkosmos"la müqavilə imzalamışıq, həmin karxanalara kosmosdan, peykdən nəzarət edirik. Müəyyən bir müddət karxanaların kosmosdan çəkilən görüntülərini alacağıq. Bir müddət sonra təkrar görüntü alıb müqayisə edəcəyik. Bununla da orada görülən işlər bəlli olacaq”.
S. Ələkbərov dərman sahəsində də problemlərin olduğunu vurğulayıb:
"Dərman sahəsindən büdcəyə çox az vergi daxil olur. Çünki uçot yoxdur. Ya istehsal olunur, ya da xaricdən gətirilir, ölkəyə cəmi 5-6 giriş postumuz var. Ordan da giriş bəlli olmalıdır. Gömrükdə indi şəffaflaşdırma aparılır, onlar da işləyirlər. Dövləti aldatmaq olmaz, biz bilməliyik ki, bu mallar hardan gəlib hara gedir. Vergidən söhbət gedəndə hamının ağlına güzəşt gəlir. Dövlətə vergi verilməlidir ki, dövlət də öz xərclərini ödəsin. Bütün dünyada hamı vergi ödəməsi ilə fəxr edir və hökumətdən verdiyi verginin hara xərclənməsi barədə hesabat tələb edir. Ona görə də sənəd, sənədləşmə olmalıdır. Neçə illərdi nağdsız hesablaşlamarla bağlı təbliğat aparılır, amma azalmır. Nağdsız ödənişlərə güzəştlər də edilir, iki il əvvəl büdcə buna hazır deyildi və təsdiqləməmişdi. Amma bu gün hazırdır və tətbiq edilir. 1999-cu ildən kənd təsərrüfatına güzəştlər edilir. Bu güzəştlərin məbləği milyardlarla manatdır".