Beynəlxalq Bankın “dövlətin boynundan asdığı” ümidsiz borcların – GÖRÜNƏN VƏZİYYƏTİ
2015-ci ildə iflas bayrağını qaldırarkən Prezident İlham Əliyevin Fərmanı ilə xüsusi tədbirlər nəticəsində qurtarılan Azərbaycan Beynəlxalq Bankı (ABB) bu gün də sistem əhəmiyyətli əsas bankdır. Bəs bankın milyardlarla ölçülən problemli aktivlərinin taleyi necə oldu?
ENA.az xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı”nın 2020-ci ilin yekunları üzrə hesabatına əsasən, 15 iyul 2015-ci il tarixində Azərbaycan Prezidenti bankın aktivlərinin sağlamlaşdırılması tədbirlərini nəzərdə tutan Fərman imzalayıb. 28 iyul 2015-ci il tarixində Maliyyə Nazirliyi (AMN), Azərbaycan Mərkəzi Bankı (AMB) və ABB problemli aktivlərin siyahısını təsdiqləyib, həmin siyahı ABB-nin restrukturizasiya planına daxil edilib. Problemli aktivlərə müştərilərə və banklara verilmiş ümidsiz və vaxtı keçmiş kreditlər, habelə müəyyən zəmanətlər və digər balansdan kənar öhdəliklər daxil edilib. Prezidentin Fərmanına və cəlb olunan tərəflər arasında imzalanmış digər sənədlərə əsasən ABB-nin müəyyən problemli aktivləri 2015-2017-ci illərdə bir neçə tranş ilə dövlətin mülkiyyətində olan “Aqrarkredit” QSC-yə ötürülüb. Problemli aktivlərin köçürülməsinin birinci mərhələsi 2016-cı ildə başa çatdırılıb. Proqram çərçivəsində köçürülmüş aktivlər köçürmə tarixində aktivlərin ümumi balans dəyərini əks etdirən 9,930,957 min AZN məbləğində olub (ehtiyatlardan əvvəl).
Veksellər və silinmiş 68 min manat
2016-cı ildə AMN, AMB, keçmiş Maliyyə Bazarlarına Nəzarət Palatası və ABB proqramın yekun mərhələsi olaraq “Aqrarkredit” QSC-yə köçürüləcək qalan problemli aktivləri müəyyən etmək üçün əlavə işlər görüblər. 10 fevral 2017-ci il tarixində müvafiq tərəflər və Nazirlər Kabineti tərəfindən bu cür problemli aktivlərin siyahısı təsdiq edilib. Həmin aktivlər 4,013,909 min AZN təşkil edib. Köçürmənin müvafiq əməliyyatların 1 yanvar 2017-ci il tarixinə bütün balans və balansdan kənar riskləri də daxil olmaqla tam ümumi dəyəri ilə həyata keçirilməsi razılaşdırılıb. 2017-ci ilin aprel ayında ABB və “Aqrarkredit” QSC razılaşma imzalayıb və problemli aktivlərin köçürülməsinə başlayıblar. 2017-ci il ərzində bank köçürülmüş problemli aktivlər əvəzində ödəmə tarixində ödənilməli olan 4% kupon dərəcəsi ilə cəmi 2,900,000 min ABŞ dolları məbləğində adi veksellər əldə edib. Daha sonra 2,248,000 min ABŞ dolları məbləğində adi veksellər ABB-nin restrukturizasiya proqramı əsasında borc öhdəlikləri ilə birlikdə Dövlətə köçürülüb. Adi veksellərə AMN zəmanət verir. 2017-ci ildə “Aqrarkredit” QSC-dən cəlb olunan adi veksellərin dəyəri köçürülmüş müvafiq problemli aktivlərin dəyərindən 515,767 min AZN çox olub və bu, 31 dekabr 2017-ci il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatda “Aqrarkredit” QSC-yə ödəniləcək məbləğlərdə əksini tapıb. 2018-ci ildə “Aqrarkredit” QSC-yə əlavə köçürülmüş problemli aktivlər və balansarxası maliyyə təəhhüdlərinə görə ödəniləcək məbləğ azalaraq 31 dekabr 2018-ci ildə 364,596 min AZN olub. 2019-cu il ərzində “Aqrarkredit” QSC-yə köçürülməsi planlaşdırılan problemli kreditlərin 37,443 min AZN dəyərində qalan hissəsi ABB tərəfindən silinib. Köçürmənin ləğv edilməsi nəticəsində 68,288 min AZN məbləğ səhmdarlara (səhmdar isə dövlətdir – red.) köçürülmüş vəsait kimi tanınıb. 22 noyabr 2019-cu ildə ABB, AMN və “Aqrarkredit” QSC ilə üçtərəfli müqavilə imzalayıb. Müqaviləyə əsasən, Maliyyə Nazirliyinə 157,652 min AZN məbləğində, “Aqrarkredit” QSC-yə isə 179 min AZN məbləğində ödənilməli olan dividend və “Aqrarkredit” QSC-yə olan 334,682 mln AZN məbləğində öhdəlik “Aqrarkredit” QSC-dən cəlb olunan 492,334 min AZN məbləğində olan adi veksellər ilə əvəzləşdirilib.
Notlarla əvəzləşdirmə
22 noyabr 2019-cu il tarixində imzalanmış üçtərəfli müqaviləyə uyğun olaraq, 2020-ci il ərzində ABB Maliyyə Nazirliyinə və “Aqrarkredit” QSC-yə müvafiq olaraq 142,729 min AZN və 179 min AZN məbləğində dividendi 15 sentyabr 2020-ci il tarixli veksel bəyannaməsi ilə “Aqrarkredit” QSC alınan 142,908 min AZN notlarla əvəzləşdirilməsini təmin edib. 14 fevral 2020-ci il tarixində ABB veksellərin ödəmə müddətinin 14 fevral 2025-ci il tarixinədək uzadılmasından irəli gələn 4,127 min AZN məbləğində dəyişiklik zərəri tanıyıb. Nəticədə, 31 dekabr 2020-ci ildə “Aqrarkredit” QSC-dən alınacaq məbləğlər və “Aqrarkredit” QSC-yə ödəniləcək məbləğlər müvafiq olaraq 576,729 min AZN və 88,217 min AZN olub.
Bank üçün xarici valyuta riski
ABB bir neçə kreditorun etirazı səbəbindən Transsərhəd Müflisləşmə Qaydalarına əsasən “müddətsiz moratorium” əldə edə bilməyib. 2020-ci ildə ABB “Restrukturizasiya Planı”na etiraz edən kreditorlar ilə hesablaşma barədə razılığa gəlib. Həmin razılığa əsasən, ABB kreditorlara 159,623 min dollar (271,360 min AZN) bölüşdürmüş, əvəzində Maliyyə Nazirliyi tərəfindən buraxılan bitmə tarixi 1 sentyabr 2029 və kupon faiz dərəcəsi 5.125% olan, ədalətli dəyəri 144,633 min dollar (245,876 min AZN) dəyərində qiymətli kağız alıb. Restrukturizasiya Planının 3-cü il dönəmində baş tutan bu hesablaşmalarla restrukturizasiya prosesi başa çatıb. Proqramın birinci mərhələsi çərçivəsində köçürülmüş problemli aktivlərin əhəmiyyətli hissəsi xarici valyutalarda ifadə edilib. Proqramın birinci mərhələsinə daxil olan problemli aktivlər əvəzinə “Agrarkredit” QSC-nin etdiyi ödənişlər AZN ilə ifadə olunduğundan, bu, ABB üçün əhəmiyyətli xarici valyuta riski yaradıb. 31 dekabr 2020-ci il tarixinə şirkətin xarici valyutada qısa mövqeyi təxminən 611,580 min AZN (31 dekabr 2019-cu il: 897,099 min AZN) təşkil edib.
Reytinq ağentliklərinin baxışı
2020-ci ildə Moody’s reytinq agentliyi Bankın reytinqlərini belə təsdiqləyib: kredit ödəmə qabiliyyətinin baza qiymətləndirilməsi b3, düzəliş edilmiş kredit ödəmə qabiliyyətinin baza qiymətləndirilməsi b3, uzunmüddətli bank əmanətləri reytinqi B1, uzunmüddətli qarşı-tərəf riskinin qiymətləndirilməsi Ba3.
Fitch reytinq agentliyi Bankın reytinqini aşağıdakı kimi təsdiq edib: uzunmüddətli borclanmadan defolt ehtimalını B-, qısamüddətli borclanmadan defolt ehtimalını B, davamlılıq reytinqini b-. Həm Moody’s, həm də Fitch agentliyinin Bank üçün baxışı stabil olub.