Bank

“Azər-Türk Bank”ın depozit portfeli kiçilməkdə davam edir - HESABAT

Azərbaycanın ikinci dövlət bankı olan “Azər-Türk Bank” da istehlak kreditləri üzrə aktivlik nümayiş etdirir. ENA.az xəbər verir ki, biznes kreditləri üzrə portfel 23,9% azaldığı halda, istehlak kreditlərinin həcmi 29,2% artıb. 

Hesabata əsasən, 2021-ci ilin birinci yarısında bankın aktivləri ümumilikdə 6,6% azalaraq 335,412 milyon manat təşkil edib. Kredit portfelinin həcmi 181,636 milyon manat olub. Bunun 29,562 milyon manatı biznes, 54,594 milyon manatı isə istehlak kreditləridir. 

Bankın öhdəlikləri 8,1% azalaraq 278,87 milyon manata bərabərdir. Depozit portfelinin həcmi bu ilin altı ayında 10,2% azalaraq 161,538 milyon manat olub. Bunun 80,667 milyon manatı əhalinin əmanətləridir və bu portfeldə azalma 0,2% təşkil edir.

“Azər-Türk Bank”ın kapitalı 56,542 milyon manat, nizamnamə kapitalı isə 50 milyon manatdır.

Birinci yarımilliyin yekunları üzrə bankın xalis mənfəəti 448 min manat təşkil edib və bu, 2020-ci ilin birinci yarısı ilə müqayisədə 17,9 dəfə çoxdur. Ötən altı ayın yekunu üzrə “Azər-Türk Bank”ın gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% azalaraq 14,479 milyon manat, xərcləri isə 1,8% azalaraq 14,392 milyon manat olub. Bank xüsusi ehtiyatlara 361 min manat manat ayırıb, mənfəət vergisi ödəməyib.

“Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb. Bankın əsas səhmlərinin 75%-i Əmlak Məsələləri Dövlət Komitəsinə məxsusdur. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)