Aktivlərinin 83,5%-i kreditdə olan “Bank of Baku”nun - HESABATI
Pərakəndə bankçılıqda aktiv banklardan biri olan “Bank of Baku” 2019-cu ildən başlayaraq əksər göstəricilər üzrə yenidən artım əldə etdi. 2021-ci ilin I yarısının hesabatına görə, bank aktivlərini 13,9% artıraraq 466,587 milyon manata yüksəldib. ENA.az xəbər verir ki, aktivlərin 83,5%-i kredit portfelinin payına düşür ki, bu da banklar arasında yüksək göstəricilərdən biridir.
2021-ci il iyunun 30-na bankın kredit portfeli 389,934 milyon manatdır. 2020-ci ilin sonuna olan göstərici ilə müqayisə etsək 15,4% artım baş verib. Bank bu ilin 6 ayında əlavə 32 milyon 861 min manat həcmində istehlak krediti, 15 milyon 987 min manat həcmində biznes krediti, 3 milyon 139 min manat həcmində isə daşınmaz əmlak krediti verib. Bankın aktivlərinin 22,1%-ni nağd vəsaitlər formasında saxlayır.
“Bank of Baku”nun öhdəlikləri 14,1% artaraq 380,099 milyon manata çatıb. Bankda depozitlərin həcmi 13,8% artaraq 220,17 milyon manat, əhalinin əmanətləri isə 13,2% artaraq 194,091 milyon manat təşkil edir.
2021-ci ilin iyul ayının əvvəlinə “Bank of Baku”nun balans kapitalı 13,2% yüksəlib və 86 milyon 487,98 min manata çatıb. Artım bölüşdürülməmiş mənfəətin artaraq 25 milyon 741 min manat olması ilə bağlıdır. Nizamnamə kapitalı isə dəyişməyərək 52,87 milyon manat olub.
2021-ci ilin I yarısında fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 9 milyon 372,05 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 73,4% çoxdur. Yanvar-iyun aylarında “Bank of Baku”nun gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% artaraq 35,38 milyon manata, xərcləri isə 4,6% artaraq 25,953 milyon manata çatıb. Bank xüsusi ehtiyatlara 3,187 milyon manat ayırıb, görünür ki, təxirə salınmış vergi öhdəliyini də əlavə edərək, ötənilkindən 70,3% çox - 3,241 milyon manat mənfəət vergisi ödəyib.
“Bank of Baku” 1994-cü ildə yaradılıb.