Bank

"PAŞA Bank" qiymətli kağızlara qoyduğu sərmayəni artırır - HESABAT

“PAŞA Bank” 2021-ci ilin yanvar-iyun aylarında aktivlərini 7,8% artıraraq 5 milyard 944,17 milyon manata yüksəldib. ENA.az xəbər verir ki, aktivlər əsasən kredit portfeli və qiymətli kağzılardan ibarətdir. Bankın qiymətli kağızlara yatırılan vəsaitinin həcmi kredit portfelinə belə yaxındır.  

Hesabata əsasən, 2021-ci il iyunun 30-na bankın kredit portfeli 2 milyard 196,153 milyon manat təşkil edir. Ötən altı ayda bank kredit verilməsini 4,8% artırıb. Hazırda kredit portfeli bankın aktivlərinin 37%-ni təşkil edir. Bankın qiymətli kağızlarının həcmi isə 1 milyard 797,44 milyon manata yüksəlib. Bu aktivlərin 30,2%-ni tutur. Eyni zamanda vəsaitinin 701,602 milyon manatını Mərkəzi Bankdakı hesabında, 308,528 milyon manatını isə digər banklarda depozit şəklində saxlayır. 

“PAŞA Bank”ın öhdəlikləri 8,6% artaraq 5 milyard 399,578 milyon manata bərabərdir. yanvar-iyun aylarının sonuna bankda depozitlərin həcmi 12,9% artaraq 4 milyard 534,455 milyon manata yüksəlib. 

Bankın balans kapitalı cüzi artaraq 544,592 milyon manat, nizamnamə kapitalı isə 354,512 milyon manat təşkil edir. Bankın 144,366 milyon manat bölüşdürülməmiş mənfəəti mövcuddur. 

“PAŞA Bank” I yarımilliyi 50,64 milyon manat məbləğində xalis mənfəətlə başa vurub. Bu 2020-ci ilin I yarısı ilə müqayisədə 75,1%  çoxdur. 

Yanvar-iyun aylarında “PAŞA Bank”ın gəlirləri 188,672 milyon manatdır ki, ötən ilin eyni dövrü ilə müqayisədə 27,5% çoxdur. Bankın cəmi xərcləri illik müqayisədə 8,5% artaraq 102,213 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 24,311 milyon manat  təşkil edib. Mənfəət vergisi ödəmələri isə 11,507 milyon manatdır. 

“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın TOP-5 banklarının sırasına daxildir. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)