Bank

Beynəlxalq Bank borc kağızlarının böyük hissəsini geri aldı

“Azərbaycan Beynəlxalq Bankı”nı (ABB) iflasdan qurtarmaq üçün buraxılan avrobondların geri alınmasında ciddi aktivlik müşahidə olunur. ENA.az xəbər verir ki, Bankın 2021-ci ilin 2-ci rübü üzrə hesabatına əsasən ötən bir ildə borc kağızlarının həcmi 1 milyard 621 milyon 157.40 min manatdan 769 milyon 049 min manata düşüb. Belə çıxır ki, 852 milyon 108 min manatlıq borc kağızları geri alınıb. Maraqlıdır ki, 2020-ci il üzrə konsolidə edilmiş hesabatda isə 2019-cu ilin sonuna borc qiymətli kağızlarının həcmi 1 milyard 526 milyon 354 min manat, 2020-ci ilin borc qiymətli kağızlarının həcmi isə 1 milyard 490 milyon 500 min manat idi.

Hesabata baxsaq, 2019-cu ilin sonunda, yəni 2-ci Qarabağ müharibəsi başlamazdan əvvəl avrobondların həcmi 1,521,784 min manat, eyni zamanda 4,570 min manatlıq depozit sertifikatlı borc da mövcud olub. 2020-ci ilin sonuna avrobondlar 1,485,463 min manata düşüb. Yəni, 36 milyon 321 min manatlıq avrobondlar Azərbaycana geri satılıb.  

Xüsusən müharibə dövründə borc kağızlarının geri alışında ciddi fəallıq baş verib. Təkcə 2020-ci ilin üçüncü rübündə - iyul-sentyabr aylarında 23 milyon 800 min manat həcmində borc kağızları geri alınmışdı. ABB-nin mətbuat xidməti buna belə bir açıqlama vermişdi ki, “Sözügedən qiymətli kağızlar Azərbaycan Beynəlxalq Bankı tərəfindən buraxılmışdı. Hazırda onların bir hissəsi vaxtından əvvəl geri alınıb. Geri alınan qiymətli kağızların emitenti Azərbaycan Beynəlxalq Bankı özüdür. Yəni Bank özü buraxdığı kağızlarını qismən bazardan geri alıb”. rüblük hesabatdan da görünür ki, 2021-ci ilin 6 ayının yekununa görə borc kağızlarının əhəmiyyətli bir hissəsi geri alınıb və bu alqı-satqı əməliyyatlarında Vətən müharibəsi və onun ətrafında baş verən siyasi-iqtisadi hadisələrin rolu yəqin ki, danılmazdır. Bankın son illik hesabatına görə, 31 dekabr 2020-ci il tarixinə ABB, müddəti 2024-cü ilin sentyabr ayında başa çatan bir sinif Avrobondlar üzrə qeyri-maliyyə şərtlərinin yerinə yetirilməsinə görə öhdəlik daşıyır və hazırkı dövrə olan şərtləri yerinə yetirib.  

Xatırlayırsınızsa, 2016-cı ildə iflas həddinə çatmış Azərbaycan Beynəlxalq Bankını qurtarmaq üçün Azərbaycan Dövlət Neft Fondundan Azərbaycan Beynəlxalq Bankına (ABB) nominal dəyəri 1 milyard ABŞ dolları həcmində depozit yerləşdirilmişdi. 1 sentyabr 2017-ci il tarixinə olan restrukturizasiya nəticəsində həmin depozit nominal dəyəri 945 189 000 ABŞ dolları olan yeni ABB borc sənədləri (bu kağızların son ödəmə tarixi 2024-cü il, kupon dərəcəsi 3,5%-dir) və nominal dəyəri 45 331 000 ABŞ dolları olan Azərbaycan suveren borc sənədləri (son ödəmə tarixi 2029-cu il, kupon dərəcəsi 5,125%) ilə əvəz olundu.   

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)