“Bank Respublika”nın xalis mənfəəti 68%-dən çox artıb
Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2021-ci ilin birinci yarımilliyinə dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank bütün istiqamətlər üzrə dinamik inkişaf etməyə davam edərək Azərbaycanın bank xidmətləri bazarında lider mövqelərini möhkəmləndirib.
İlin birinci yarısının nəticələrinə əsasən, Bankın xalis faiz mənfəəti artaraq 24,5 milyon manata çatmışdır, xalis mənfəəti isə, ötən ilin eyni dövrü ilə müqayisədə 68%-dən çox artaraq 7,5 milyon manata olmuşdur.
Hesabata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə Bankın aktivləri 17% artaraq 1,2 milyard manat təşkil etmişdir ki, bu da Banka ölkənin aparıcı beş bankı sırasında yerini möhkəmləndirməsinə imkan vermişdir. Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, keçən ilin analoji dövrü ilə müqayisədə Bankın məcmu kapitalı 11% artaraq 93,5 milyon manat olmuş və minimum məcmu kapital normasını 87% üstələmişdir. Qeyd etmək lazımdır ki, Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 9,56%, məcmu kapitalın adekvatlıq əmsalı isə 14,37% təşkil edib ki, bu da normadan müvafiq olaraq 1,9 dəfə və 1,6 dəfə çoxdur.
“Ötən il biz, bütün dünya iqtisadiyyatı olduğu kimi ciddi çağırışlarla üzləşdik. Lakin, bizim biznes modelimizin dayanıqlığı, hökumətin böhrandan çıxmaq üçün atdığı səmərəli addımlar və komandamızın nizamlı işi bizə pandemiya dövrünü nəinki inamla keçməyimizə və müştərilərimizə dəstək verməyimizə, həm də bütün maliyyə göstəriciləri üzrə artım nümayiş etdirməyimizə imkan verdi. Əminik ki, 2021-ci ilin ikinci yarısında da Bank Respublika qəbul olunmuş strategiyaya uyğun olaraq dinamik inkişafına davam edəcəkdir.” deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları – DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.