Sosial iqtisadiyyat

Bakı-Naxçıvan-Bakı marşrutu bu qaydalarla işləyəcək - Rəsmi açıqlama

2021-ci il 17 iyul tarixindən etibarən İranla əldə olunmuş müvafiq razılaşmanın tələblərinə uyğun olaraq, Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran ərazisindən keçməklə həyata keçirilməsinə icazə verilir. 

ENA.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərarda bildirilir ki, İran İslam Respublikası ilə əldə olunmuş müvafiq razılaşmanın tələblərinə uyğun olaraq, Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə həyata keçirilməsinə aşağıdakı tələblərə riayət etməklə icazə verilir:

- avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən COVID-19-a dair PCR testi barədə arayış tələb olunmur, ölkə ərazisində Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsinə gələn həmin sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testinin keçirilməsi məqsədilə yaxma götürülür və Azərbaycan Respublikasının vətəndaşları üçün bu müayinələr ödənişsiz əsaslarla aparılır;

- səfər zamanı daşıyıcı, sərnişinlər və sərnişin avtonəqliyyat vasitəsinin işçi heyəti tərəfindən xüsusi karantin rejiminin tələblərinə və koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə çərçivəsində qəbul edilmiş tələblərə əməl edilməsi məcburidir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Qərardan irəli gələn zəruri məsələləri həll etməlidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department