BİZNES

Xaricdə yaşayan iş adamı şikayətçidir - “550 min dollarımı ödəmir...”

Qazaxıstanda yaşayan azərbaycanlı iş adamı Sakin Ağayev dələduzluğa məruz qaldığını iddia edir. S. Ağayev müraciətində qeyd edib ki, həyat yoldaşı Vüsalə Rəhimli ilə birgə bir zamanlar iş ortaqları olmuş İbrahimov Fikrət Vəli oğlunun böhtanına və dələduzluğuna məruz qalıblar.

Şikayətçi bildirib ki, 2003-cü ildən Qazaxıstanda yaşayır və orada bizneslə məşğuldur: “Bu ilin sentyabr ayında Azərbaycandan çıxışıma məhdudiyyət qoyulduğu üçün Qazaxıstana  ailəmin yanına gedə bilmirəm. Qazaxıstanda təsis etdiyim müəssisənin təsis payının əvvəlcə 50%-ni , daha sonra isə qalan 50 faizini  2014- cü ilin iyunun 14-də Fikrət İbrahimova müqavilə əsasında 1 milyon 250 min dollara satmışam. Müqavilədə qeyd olunub ki, o, iyun ayının axırına kimi mənə olan borcunu ödəməli idi. Daha sonra o sözügedən şirkəti üçüncü şəxsə satıb.  Yalnız 2015-ci ildə mənə həmin borcdan 698 min dollar ödəyib. Yerdə qalan 550 min dollar borcunu isə ödəməyib. Mənə borclu olması barədə Qazaxıstan məhkəməsinin də qərarı var.  O isə borcundan yayınaraq Azərbaycana gəlib.

İbrahimov Fikrət Vəli oğlu tərəfindən ərazi üzrə bizə heç bir aidiyyatı olmayan Bakı şəhəri Pirallahı rayon Məhkəməsində pul vəsaitinin tutulması barədə mülki qaydada əsassız vəsadət qaldırılmış və hakim Əkrəm Sabir oğlu Qəhrəmanovun sədrliyi ilə, bizim iştirakımız təmin olunmadan işə baxılaraq qarşı tərəfin xeyrinə bizdən birgə qaydada 698000 ABŞ dollar pul vəsaitinin tutulmasına dair qanunsuz  2(094)-396 /2017 nömrəli, 26.07.18-ci il tarixli qətnamə qəbul edilib. Məhkəmə prosesi bərəsində bizə heç bir bildiriş verilməmiş və məhkəmə iddiaçı tərəfindən tərtib olunaraq birtərəfli qaydada imzalanan “müqaviləyə” hüquqi sənəd kimi istinad edilərək heç bir məntiqə sığmayan absurd qətnamə çıxarıb.  

Məhkəmə prosesində Qazaxıstan məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə heç bir əhəmiyyət verilməyib. Bu qətnamə ilə məhz İbrahimov Fikrət Vəli oğlunun borclu olduğu, ən əsası isə Azərbaycan məhkəmələrində istinad edilən saxta müqavilənin mövcud olmadığı müəyyən edilib. Ölkələrimiz arasında məhkəmə sənədlərinin tanınmasına dair müvafiq müqavilənin mövcudluğunu nəzərə alaraq Qazaxıstan məhkəməsinin qətnaməsinin tanınması üçün qanunvericiliyə uyğun şəkildə Azərbancan Ali Məhkəməsinə müraciət etmişik. 

Eyni zamanda konstitutusiya hüquqlarımızın bərpa edilməsi ilə bağlı Konstitutsiya Məhkəməsinə şikayət ərizəsi vermişik.

Özü də “müqavilə”də  hüquqi şəxslər arasında olan münasibətdən, yəni hüquqi ünvanı xaricdə olan xarici hüquqi şəxslərdən bəhs edilsə də, işə ümumi məhkəmə baxıb. Hüquqi şəxslər arasında olan çəkişməyə baxan Pirallahı rayon Məhkəməsi fiziki şəxslərə qarşı qətnamə çıxarıb. 

Bakı Apellyasiya Məhkəməsinə də qərardan şikayət versək də, şikayətimiz təmin edilməyib. Özü də bu cür məsələlər  İqtisadi İnzibati Məhkəmədə həll olunmalıdır. Amma nədənsə mülki məhkəməyə müraciət olunub”.

"Qafqazinfo" məsələ ilə bağlı Fikrət İbrahimovla əlaqə saxlasa da, o, "jurnalist" sözünü eşidən kimi telefonunu söndürüb.

Günel Türksoy

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)