“Azərbaycan Sənaye Bankı” pulunu kreditdə yox, başqa banklarda depozitə yerləşdirir
Bu ilin ötən altı ayında “Azərbaycan Sənaye Bankı”nın (ASB) aktivləri 5,1% azalaraq 864,683 milyon manata düşüb. Aktivlərdə əsas azalma kredit portfelinin hesabına baş verib.
Kredit portfelinin payı "kiçilir"
2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma bankdan borc götürülən vəsaitin həcmi 19,2% azalaraq, 256,059 milyon manat təşkil edib. Beləliklə, bankın aktivlərində kredit portfelinin payı bir qədər də azalaraq 29,6%-ə düşüb. Bu isə bank vəsaitlərinin daha çox passiv istufadəyə yönəldiyini göstərir. Hesabata baxsaq, bunu aktivlərin strukturundakı banklar da daxil olmaqla maliyyə institutlarında olan depozitlərin həcminin getdikcə artmasından da görə bilərik. Belə ki, bank vəsaitlərini aşağı faizlə olsa da başqa banklarda yerləşdirməklə daha risksiz şəkildə saxlamağa çalışır. Hazırda bu cür vəsaitin həcmi 495,656 milyon manata yüksəlib. Təkcə ötən 6 ayda başqa maliyyə institutlarında yerləşdirilən depozitlərin həcmi 11,6% artıb. Ümumilikdə isə banklar da daxil olmaqla maliyyə institutlarında olan depozitlərin həcminin aktivlərdəki payı 57,3%-ə çatıb.
Depozit portfelində azalma tendensiyası davam edir
30 iyun 2021-ci il tarixinə bankın öhdəlikləri 5,3% azalaraq 758,928 milyon manatdır. Azalmada depozit portfelinin "ərimə dinamikas"ının davam etməsi mühüm rol oynayır. Belə ki, hesabat dövrünün sonuna ASB-nin depozit portfeli 590,12 milyon manata düşüb. İllər üzrə mənfəətdən oplanan vəsaitlərin təsiri ilə bankın kapitalı 1,5% artaraq 105 milyon 755,26 min manata yüksəlib. Nizamnamə kapitalı isə dəyişməyərək 60 milyon manat təşkil edir.
Mənfəəti 3 dəfə azaldı
2021-ci ilin aynvar-iyun aylarının yekunları üzrə ASB-nin xalis mənfəəti 1 milyon 113,38 min manatdır. 2020-ci ilin eyni dövrü ilə müqayisədə bu, 3 dəfə azalma deməkdir.
Hesabata əsasən, bankın gəlirləri illik müqayisədə 8,4% azalaraq 17,324 milyon manat olub. Xərcləri isə 0,5% azalıb və 15,445 milyon manata bərabərdir. Bankın xüsusi ehtiyatlara ayırmaları 483 min manat, mənfəət vergisi ödəmələri isə ötənilkindən 65,9% az olmaqla 283 min manat təşkil edib.
Qeyd edək ki, “Azərbaycan Sənaye Bankı” ASC 1996-cı ildə yaradılıb və Azərsun Holding şirkətlər qrupuna daxildir. “Azərbaycan Sənaye Bankı”nın 60 milyon manatlıq nizamnamə fondunun 98,4252%-i "Anadolu İnvestment Kompani" MMC-yə, 0.5748%-i "Azərbaycan Sənaye Lizinq" MMC-yə və 1%-i Leyla Gozala məxsusdur.