Gürcüstanda şəxsi avtomobillərdə siqaret çəkmək qadağan oluna bilər
Gürcüstanda taksi və şəxsi avtomobillərdə də siqaret çəkmək qadağan oluna bilər.
ENA.azxəbər verir ki, belə bir təşəbbüslə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzi çıxış edib.
Mərkəzin rəhbəri Amiran Qamkrelidze deyib ki, mütəxəssislərin ciddi etirazına baxmayaraq “Tütün məmulatlarına və siqaretə nəzarət haqqında” 2017-ci ildə qəbul olunmuş qanunda şəxsi avtomobillərdə və taksilərdə də siqaret çəkilməsinə icazə verilir.
Biz hesab edirik ki, uşaq və yeniyetmələr olduğu halda siqaret çəkilməsi qadağan edilməlidir.
Qamkrelidze deyib ki, taksi sürücüsü və ya sərnişin, eləcə də şəxsi avtomobillərdə oturan insanlar siqaret çəkməməlidir. Siqaret çəkilən zaman havaya buraxılan tüstünün tərkibindəki zərərli maddələr insan sağlamlığına, xüsusən də uşaqların sağlamlığına ciddi ziyan vurur.
Tütün əleyhinə qanuna əsasən bu gün Gürcüstanda bütün ictimai yerlərdə siqaret çəkmək qadağandır.
Bununla belə, kazino və oyun avtomatlarının olduğu salonlarda, ali təhsil və səhiyyə müəssisələrində xüsusi avadanlıqla təchiz olunmuş otaqlarda, eləcə də rejissorun təxəyyülünə əsasən vacib olan tamaşalarda aktyorlara siqaret çəkməyə icazə verilir.