Avtomobil

DYP: Avtomobillərdə odsöndürən olsun!

Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

İdarədən  daxil olan müraciətdə bildirilir ki, bəzi nəqliyyat vasitələrində odsöndürən olmaması problem yaradır: "Müşahidələrimiz göstərir ki, bəzən fərdi minik avtomobillərinin, xüsusilə ümümi istifadədə olan avtobusların elektrik sistemindəki texniki nasazlıq səbəbindən və yaxud yol qəzası zamanı nəqliyyat vasitələrində yanğın hadisəsi başlayır və həmin vaxt avtomobildə odsöndürən olmadığına görə alovun qarşısını vaxtında almaq mümkün olmur ki, bu da ağır fəsadlarla nəticələnir.
 

Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi zamanı odsöndürənin olması tələb edilsə də, bəzi şəxslər buna laqeyd yanaşaraq yalnız avtomobillərini texniki baxışdan keçirməkdən ötrü odsöndürəni haradansa əldə edib, sonra isə geri qaytarırlar. Buna görə də lazım olan məqamda nəqliyyat vasitəsində odsöndürən olmur.
 

Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən və nəqliyyat vasitələri sahiblərindən xahiş edir ki, özlərinin və sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə avtomobillərinin texniki sazlığına mütəmadi nəzarət etsinlər, eləcə də baş verə biləcək yanğın hadisələrinin qarşısının vaxtında alınması üçün nəqliyyat vasitələrində odsöndürənin olmasını mütləq təmin etsinlər".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)