Bank

Mərkəzi Bank kredit ödənişləri üçün güzəşt müddətini daha 3 ay uzatdı

Azərbaycan Respublikası Prezidentinin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 24.04.2020-ci il tarixli, 16 saylı qərarı ilə maliyyə sektoruna dəstəkləyici tədbirlər paketi təsdiq edilmiş və “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası” qəbul olunmuşdur.

Maliyyə sektorunun cari vəziyyəti, sektorun maliyyə dayanıqlığı üzrə aparılmış qiymətləndirmə nəticələri, habelə beynəlxalq maliyyə təşkilatlarının tövsiyələri nəzərə alınmaqla Mərkəzi Bank requlyativ dəstək rejimini davamlı olaraq dəqiqləşdirir və siyasət qərarları qəbul edir.

İqtisadiyyatın müxtəlif sahələri üzrə məhdud rejimin yumşaldılması fonunda iqtisadi aktivliyin tədricən bərpa edilməsi şəraitində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 30 iyun 2021-ci il tarixli 19 nömrəli qərarına əsasən pandemiyadan təsirlənmiş fiziki şəxslər və sahibkarlıq subyektlərinin maraqlarının qorunması və dəstəklənməsi davam etdirilərək cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmamasına, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşməməsinə dair kredit təşkilatlarına verilmiş tövsiyələrin müddəti 01 oktyabr 2021-ci il tarixinədək uzadılmışdır. Eyni zamanda, kredit və sığorta təşkilatlarının kapital mövqeyinin daha da möhkəmləndirilməsi, onların sərbəst maliyyə vəsaitlərinin kapitala yönəldilməsinin təmin edilməsi məqsədilə dividend ödənişlərinə tətbiq edilmiş məhdudiyyətlər həmin tarixədək qüvvədə saxlanılmışdır.

Bank sektorunun kapitala aid yeni requlyativ tələblərə tədricən adaptasiyasının növbəti mərhələsində 01 iyul 2021-ci il tarixindən başlayaraq bazar və əməliyyat riskləri bankların məcmu və I dərəcəli kapitalının adekvatlığı əmsallarında nəzərə alınacaq, habelə həmin tarixdən məcmu kapital adekvatlığı əmsalı üzrə minimum hədd Mərkəzi Bankın aidiyyəti normativ qaydaları ilə müəyyən edilmiş səviyyədə bərpa ediləcəkdir. Bu tələblərin tətbiqi bankların kapitalında əməliyyat və bazar risklərinin qarşılanması üçün əlavə buferin yaradılmasına xidmət edəcəkdir. Eyni zamanda, kontr-tsiklik kapital buferi ilə əlaqədar requlyativ güzəştin tətbiqi müddətinin 01 yanvar 2022-ci il tarixinədək uzadılması qərara alınmışdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)