Bank

Azərbaycanda pul kütləsi - REKORD HƏDDƏ

2021-ci ilin yanvar-may aylarında Azərbaycanda pul kütləsi 4,4% artaraq 30 milyard 457 milyon manata yüksəlib. Bu, Azərbaycan üçün rekord göstəricidir. Təkcə mayda pul kütləsi 2,4% artıb.

Mərkəzi Bankın məlumatına görə, 2021-ci il mayın 31-nə pul kütləsinin strukturunda dövriyyədə olan nağd pulların (M0 aqreqatı) həcmi 10 milyard 654,9 milyon manat təşkil edib. İlin əvvəlindən 1,1% azalma, mayda 0,9% artım qeydə alınıb.

İyun ayının əvvəlinə M1 pul aqreqatı (nağd pullar, tələb olunanadək əmanətlər və depozitlər) 18 milyard 735,7 milyon manat təşkil edib ki, bu da rekord göstəricidir. May ayında 3,7%, ilin əvvəlindən 4,9% artım qeydə alınıb.

2021-ci il mayın 31-nə M2 pul aqreqatı (nağd pullar, tələb olunanadək əmanətlər, manatla təcili əmanətlər və depozitlər) 21 milyard 612,5 milyon manat təşkil edir, may ayında 3,5%, ilin əvvəlindən 6,4% artım olub. Bu, rekord göstəricidir.

Mayın sonuna xarici valyutada depozitlər 8 milyard 844,5 milyon manat təşkil edib, yanvar-may aylarında 0,4%, mayda 0,2% azalma qeydə alınıb. Geniş pul kütləsi strukturunda xarici valyutada depozitlərin payı 2020-ci ilin sonuna olan 30,6%-ə qarşı 31 may 2021-ci il tarixinə 29% təşkil edir.

Qeyd edək ki, geniş pul kütləsinə - M3, nağd pullar, təcili əmanətlər, tələb olunanadək əmanətlər və depozitlər daxildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)