Bank sektorunun "5 aylıq sınağı": - Mənfilər və Müsbətlər
1 iyun 2021-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 33 milyard 810,7 milyon manat təşkil edir. Bu isə o deməkdir ki, bu ilin yanvar-may aylarında bankların aktivləri 5,5% artıb. Mərkəzi Bankın məlumatına görə, aktivlərin 14 milyard 691,4 milyon manatını kredit portfeli təşkil edir. Bu isə o deməkdir ki, kredit portfeli aktivlərdə cəmi 42% tutur.
Mayın sonuna bankların kredit portfeli 2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə 3,8% artıb.
Bu ilin ötən beş ayında bankların ümumi kapitallaşması 4 milyard 752,5 milyon manat olub ki, bu da 1,1% artım deməkdir.
Bankların öhdəlikləri 29 milyard 58,2 milyon manata çatıb. Yəni, ötən yanvar-may aylarında öhdəliklər 6,2% artıb. Müsbət haldır ki, bu Mərkəzi Bankdan alınan mərkəzləşmiş kreditlər hesabına deyil, depozit portfeli hesabına baş verib. Belə ki, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 371,3 milyon manat təşkil edib, başqa sözlə Mərkəzi Bankdan alınan borcun həcmi 0,8% azalıb. İyunun əvvəlinə banklarda depozit portfelinin həcmi 6,5% böyüyərək, 22 milyard 65,5 milyon manata yüksəlib. Depozit portfelində əhalinin əmanətləri isə 5,4% artaraq 8 milyard 478 milyon manata çatıb. Demək olar ki, əhali bankdan çıxartdığı vəsaiti yenidən dövriyyəyə daxil etməyə başlayıb. Xatırladaq ki, 2019-cu ilin sonuna bank sektorunda əhalinin depozitlərinin həcmi 8 milyard 508 milyon manat idi.
Bank sektorunun mənfəət göstəricilərinə gəldikdə, 2021-ci ilin yanvar-may aylarında bankların ümumi xalis mənfəəti 273,2 milyon manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 13,1% azdır. Ümumiyyətlə iqtisadiyyatda mənfəətlilik aşağı düşüb və aparılan əməliyyatların həcmi azalıb. Bu isə təbii ki, bank sektorunun dövriyyəsinə də mənfi təsirini göstərir.
Bu ilin yanvar-may aylarında bankların faiz gəlirləri 4,5% artaraq 835,1 milyon manat olub. Bunun 665 milyon manatı verilmiş kreditlərdən toplanan faiz gəlirləridir.
Gəlirlərdə ən böyük artım isə qeyri-faiz gəlirləri kateqoriyasıdır. Belə ki, 27% artımla qeyri-faiz gəlirləri 334,2 milyon manat təşkil edib.
Bu dövrdə bankların faiz xərcləri 8,9% yüksələrək 219,2 milyon manat olub. Bunun 141,7 milyon manatı qəbul edilən depozitlər üzrə faiz ödənişinə sərf edilib. Qeyri-faiz xərcləri isə 10,1% artaraq 524,6 milyon manat təşkil edib.
Gəlirlərdən xərcləri çıxsaq, yanvar-may aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 411,2 milyon manat olub. Bu da 14,2% artım deməkdir.
Beləliklə, hesabat dövründə bankların vergi ödənilənədək mənfəəti 323,8 milyon manat olub və bu 14,8% azalmadan xəbər verir. Dövlətə ödənilən mənfəət vergisi isə 23% azalaraq 50,6 milyon manata düşüb.
Xatırladaq ki, 1 iyun 2021-ci il tarixinə ölkəmizdə 26 bank fəaliyyət göstərir. Bankların 465 filialı, 100 şöbəsi var. Ümumilikdə sektorda çalışanların sayı 18 min 901 nəfərdir.