Anomal istilərlə bağlı növbəti xəbərdarlıq
Fövqəladə Hallar Nazirliyi anomal istilərlə əlaqədar əhaliyə müraciət edib.
ENA.az xəbər verir ki, müraciətdə deyilir:
"Hazırda ölkə ərazisində hökm sürən anomal isti hava şəraitinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə yaxın günlərdə də davam edəcəyi, temperaturun bəzi yerlərdə 44 dərəcəyə qədər yüksələcəyi gözlənilir.
Belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir, həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.
Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün belə günlərdə açıq havada, o cümlədən çimərliklərdə günəş şüaları altında çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur".