Dünya Bankının yeni strategiyasına Qarabağdakı bərpa işləri daxil ediləcək
Dünya Bakının (DB) Azərbaycan hökuməti ilə yeni çərçivə tərəfdaşlıq proqramı (CPF) 2022-ci ilin ortalarında hazır olacaq.
Bu barədə Dünya Bankının (DB) Bakı Bürosunun rəhbəri Sara Maykl bildirib.
“COVID-19 pandemiyasınadək biz yeni tərəfdaşlıq strategiyasının işlənib hazırlanmasına başlamışdıq, lakin bu proses dayandırılmış oldu. Bu təkcə Azərbaycanla bağlı deyildi, çünki pandemiyadan sonra dünya iqtisadiyyatının hansı vəziyyətdə olacağı bəlli deyildi”, - S.Maykl deyib.
Onun sözlərinə görə, əməkdaşlığın çərçivələri Azərbaycan hökuməti tərəfindən hazırlanan yeni milli strategiyaya və sosial-iqtisadi inkişafın 5 əsas milli prioritetinə əsaslanacaq.
“Güman edirəm ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması da yeni strategiyamızda öz əksini tapacaq. Hazırda dəstəyin hansı həcmdə olacağı ilə bağlı danışmaq hələ tezdir, lakin Azərbaycan hökuməti ehtiyac duyarsa, ölkənin prioritetlərindən çıxış edərək dəstək istiqamətləri müəyyən ediləcək.
Azərbaycan DB-dən savayı digər beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir, bu səbəbdən, yalnız hər institut üçün işlər bölüşdürüldükdən sonra biz öz tərəfdarşlıq strategiyamızı hazırlaya bilərik. Güman edirəm ki, sənəd 2022-ci ildə hazır olacaq”, - nümayəndəlik rəhbəri deyib.
S.Maykl bildirib ki, hətta yeni strategiyanın olmaması belə yeni layihənin həyata keçirilməsinə mane olmur. “Azərbaycan üçün vəsait ayrılıb və əgər ehtiyac olarsa, strategiya təsdiq edilmədən yeni layihə üzrə işlərə başlaya bilərik” – o deyib.
Qeyd edək ki, hazırda Dünya Bankı Qrupunun Azərbaycanda fəaliyyəti 2015-ci ildə təsdiq edilmiş çərçivə tərəfdaşlıq proqramı ilə tənzimlənir. Bu proqramın müddəti 2021-ci maliyyə ilinədək uzadılıb (bu ilin iyunun 30-da başa çatır).
DB-nin Çərçivə proqramı 2016-2020-ci maliyyə illər üçün nəzərdə tutulmuşdu, lakin 2020-ci ildə CPF-nin səmərəliliyi nəzərdən keçirildikdən sonra onun daha 1 il müddətinə uzadılması barədə qərar qəbul edilib və 2 prioritet istiqamət təsdiq edilib. Söhbət dövlət sektoru (idarəetmə və xidmətlərin təqdim edilməsi) və iqtisadi rəqabətədavamlılıq istiqamətlərindən gedir. Sonuncu istiqamət insan kapitalına, fiziki infrastruktura və daha güclü institutlara sərmayə yatırılması yolu ilə Azərbaycanın neft-qaz sektorundan asılılığının azaldılması və xarici şoklara qarşı dayanıqlılığının artırılması ilə bağlı strateji məqsədlərə cavab verməlidir.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildə Dünya Bankına qoşulub. İndiyədək DB ölkədə 4,4 milyard ABŞ dolları dəyərində 50-dən çox layihəni maliyyələşdirib.