Tələbə Kredit Fondunun cəmi 5 il sonra ciddi fəsadlarını görəcəyik
Yeni yaradılmış Tələbə Kredit Fondunun cəmi 5 il sonra ciddi fəsadlarını görəcəyik.
Ona görə də bu fondun yaradılmasının qəti əlehinə idim.
Niyə?
Əvvəla ona görə ki, mən ümumiyyətlə ödənişli təhsilin əlehinəyəm, o ki qaldı kredit götürüb, hansısa universitetə yedirəsən, sonra da illərlə kredit yükü daşıyasan.
Azərbaycanda "Mən ali təhsil aldığım üçün peşmanam" deyən 10 minlərlə insan var.
- ali təhsilli taksi sürücüsüyəm.
- ali təhsilli malyaram,
- ali təhsilli satıcıyam və s. deyənlərin sayı-hesabı yoxdur.
Onlar kifayət qədər bal toplayaraq ödənişsiz təhsil almış insanlardır. Hətta bunların işlə təminatında ciddi problemlər var. İndi təsəvvür edin ödənişsiz təhsilə bəs edəcək bal toplaya bilməyən, qonşudan qohumdan geri qalmasın deyə “qoy mənim də diplomum olsun” – deyə neçə min insan var. Onlar da danasını, inəyini satıb, universitetlərə illik pul ödəyib, uşağını diplom sahibi edib. Sonra da diplomu aksesuar kimi evdə qalıb. İndi də gileylənirlər ki, ali təhsilim var amma iş tapa bilmirəm. İş tapmaq dünyanın ən böyük problemidir. 600+ balla qəbul olub, universitetdə ağzı ilə quş tutan uşaqlar məzun olduqdan sonra iş tapmaqda çətinlik çəkirsə, 3-5 balla bir təhər pulluya düşüb, oranı da sürünə-sürünə qurtaran insan necə iş tapacaq (adamı yoxdursa)?! Nə vacib idi ki, xalan oğlundan, qonşundan geri qalmamaq üçün 4 il varını-yoxunu satıb, universitetə yedirdin, indi də gileylənirsən? O pulun 20%-ni xərcləyib PEŞƏKAR avtomobil elektriki olsaydın, telefonun susmazdı, hörmətin hörmət, pulun pul olardı...
Bunlar bizim bu gün yaşadığımız “incə faciə”dir. İndi təsəvvür edin ki Təhsil Krediti Fondu yaradılandan sonra nələr baş verəcək?
Fondin müsbət tərəfləri varmı?
Var.
Bəs mənfi tərəfləri?
Mənfisi müsbətindən 100 dəfə çoxdur.
Əvvəllər yenə heç olmasa inəyi-danası olan satıb universitetlərə yedirirdi. İndi isə danası olmayan da bu fonda müraciət edəcək ki, amandır, mənim uşağım baldızımın uşağından geri qalmasın. Fond da imtina etməyəcək və vətəndaşın seçdiyi universitetə pul ödəyəcək. Fond faizlərdən qazanacaq, unversitetlər isə kütləvi axından bayram edəcək. Bəlkə də məsələnin kökünü araşdırsaq görərik ki, bu fondun yaradılmasında ən maraqlı tərəflər elə universitetlər olub, prosesi ciddi tətikləyiblər.
Mənim doğma ölkəmin əziz vətəndaşı! Baldızının uşağının başı olduğuna görə özü pulsuz girib və oxuyub, bir təhər də iş tapıb başını saxlayacaq. Gəl sən qonşunla, baldızınla, xalan nəvəsilə bəhsə girib, özünü də, uşağını da bəlaya salma. Fond faizini alacaq. Universitet sənə görə fonddan aldığı pullarla zənginləşəcək. Sən isə uşağın qurtarandan sonra iş tapıb pul qazana bilmədiyi zaman dizinə başına döyəcəksən ki, kredit faizilərini hardan ödəyim. Allah eləməsin, öz başına bir iş gəlsə, yaxşılıq eləmək istədiyin balana çəkə bilmədiyi yük qoyub gedəcəksən. Ona görə də əvvəlcə uşağına gözəl vətəndaş olmağı, ardınca peşəkar sənətkar olmağı öyrət. Bundan sən də qazanarsan, uşağın da, ölkəmiz də. Qazanmayan bircə universitet olacaq. Onda da eybi yox, qoy bu dəfə o qazanmasın.
Eldəniz Əmirov
İqtisadçı ekspert