Anar Mansurov “AzerGold”un törəmə şirkətinə rəhbərlik edəcək
Respublika üzrə tanınmış bəstəkar Eldar Mansurovun oğlu “AzerGold” QSC-nin yeni yaradılmış şirkətinə nəzarət edəcək.
ENA.az xəbər verir ki, Anar Mansurov Eldar oğlu “AzerBlast” MMC-nin Müşahidə Şurasının sədri seçilib. A.Mansurov paralel olaraq “AzerGold”un maliyyə direktoru və “Azre Təkrarsığorta”nın Müşahidə Şurasında müstəqil üzvi vəzifəsində də çalışmaqdadır.
“AzerBlast” MMC – “AzerGold”un sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşmış törəmə cəmiyyətidir.
Törəmə şirkət 9 mart 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin iki təsisçisi var. Təsisçilərdən biri Cəmiyyət, digəri isə “DM Servis” MMC-dir. Törəmə cəmiyyətin ümumi paylarının 51 faizi “AzerGold” QSC-yə, 49 faizi digər təsisçiyə məxsusdur.
Şirkət barədə məlumatda qeyd edilir ki, “AzerBlast”ın yaradılmasında məqsəd mədənlərin hasilatı prosesində və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə daxili tələbatın ödənilməsi, idxaldan asılılığın aradan qaldırılmasıdır.
Qeyd edək ki, E.Mansurovun digər oğlu Ülvi Mansurov isə hazırda “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorudur.