Türkiyəyə bu şərtlərlə səyahət etmək olar
Koronavirusla mübarizə tədbirləri çərçivəsində, 1 iyun tarixindən etibarən hava yolu ilə Türkiyəyə giriş üçün yeni qaydalar müəyyən edilib.
“ENA” xəbər verir ki, bu barədə Türk Hava Yolları (THY) məlumat yayıb.
Yeni qaydalara görə, qeyd olunan ölkələrdən gələn və ya son 14 gün ərzində bu ölkələrdə olmuş şəxslər Türkiyəyə daxil olarkən son 72 saat ərzində alınmış mənfi koronavirus test nəticələrini təqdim etməlidirlər: Braziliya, CAR, Əfqanıstan, Banqladeş, Hindistan, Nepal, Pakistan, Şri Lanka.
Bununla yanaşı sözügedən ölkələrdən gələn şəxslər yerli rəhbərliklər tərəfindən təyin ediləcək yerlərdə 14 günlük karantinə alınacaq.
Bu ölkələrdən gələnlər istisna olmaqla, Türkiyəyə daxil olan bütün əcnəbilərdən hava limanında PCR testindən keçmələri tələb olunacaq. Bu çərçivədə test nümunələri götürüldükdən sonra gələn sərnişinlərin son təyinat yerinə getməsinə icazə veriləcək və test nəticələri müsbət olarsa, Səhiyyə Nazirliyinin “COVID-19” təlimatına uyğun olaraq müalicə alacaqlar.
Həmçinin bu 8 dövlət xaricində Türkiyəyə gələn turistlər, ölkəyə girişdən ən az 14 gün əvvəl peyvənd olunduqlarına və ya son 6 ayda koronavirus xəstəliyini keçirdiklərinə dair müvafiq ölkənin rəsmi qurumları tərəfindən verilmiş sənəd təqdim etdikləri halda həmin şəxslərdən PCR test nəticəsi tələb olunmayacaq.