Qızıl medal məsələsi “tarixin arxivi”nə göndərildi
Orta məktəbləri qızıl medalla bitirən məzunların imtahanlarsız (və ya sadəcə, ixtisas imtahanı ilə) ali məktəblərə qəbulu məsələsi ətrafında müzakirələrə birdəfəlik son qoyulub.
"BI", belə ki, Milli Məclisin (MM) birinci oxunuşunun müzakirəsindən keçən və ikinci oxunuşu gözlənilən “Ümumi təhsil haqqında” qanun layihəsində bununla bağlı nəzərdə tutulan 13.19-cu maddə tamam dəyişdirilib.
Dəyişdirilmiş variantda bunlar əksini tapır:
“Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir.
Xüsusi proqram əsasında təhsil verən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar.
Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, şagirdlərin sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.
Xatırladaq ki, əvvəlki variantda “Təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunurlar”, - deyə qeyd olunurdu.
Bununla da qızıl medal məsələsi ətrafında müzakirə və mübahisələrə birdəfəlik son qoyulub.