Nazirlikdən “Aqrolizinq”in taleyilə bağlı açıqlama
Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC fəaliyyətini davam etdirəcək.
Bunu nazir müavini İlhamə Qədimova Prezident İlham Əliyevin ötən gün imzaladığı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsinə dair” fərmanını şərh edərkən bildirib.
O, həmçinin deyib ki, “Aqrolizinq”ə məxsus aqroservislər investisiya müsabiqəsi keçirməklə özəlləşdiriləcək. Bu prosesi isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi həyata keçirəcək.
Bundan başqa, İ.Qədimovanın sözlərinə görə, nazirlik fərmana uyğun olaraq kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı təkliflərini 2 ay ərzində hazırlayaraq dövlət başçısına təqdim edəcək.
Xəbər verdiyimiz kimi, Aqrolizinq”in portfeli, texnika və damazlıq heyvanlara güzəştlərin tətbiqi funksiyaları Aqrar Kredit və İnkişaf Agentliyinə ötürüləcək. “Aqrolizinq” hələlik digər funksiyalarını davam etdirəcək. “Aqrolizinq” ASC kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışında iştirak etməyəcək, yalnız gübrə və pestisidlərin satışını həyata keçirən bazar iştirakçılarından biri olacaq.Kənd təsərrüfatı texnikası və damazlıq heyvanların lizinqə götürülməsi artıq “Aqrolizinq”də deyil, müvəkkil banklarda rəsmiləşdiriləcək.