Lukaşenko: “Putin məndən buna görə üzr istədi”
Belarus Prezident Aleksandr Lukaşenko ölkəsindəki vəziyyəti müzakirə etmək üçün Rusiya və ABŞ Prezidentləri Vladimir Putinlə Co Baydeni Minskə dəvət edib.
“ENA” xəbər verir ki, Lukaşenko bu barədə millət vəkilləri, Konstitusiya Komissiyası üzvləri və hökumət orqanlarının nümayəndələri ilə görüşündə bildirib.
“Mən açıq şəkildə dəvət etmək istəyirəm: əgər Belarus problemlərini müzakirə etmək istəsələr, bizə gəlsinlər. Hər ikisini layiqincə qarşılayacam, bütün problemləri müzakirə edəcəyik. Hətta Psakinin mənə danışması üçün Baydenə yazacağı bütün pis şeyləri belə dinləyəcəm. Səmimi bir söhbət olacaq. Ancaq İsveçrədə oturub Putinə Belarus problemlərini öyrətmək gülüncdür”,- deyə Lukaşenko qeyd edib.
O, Putin və Baydenin telefon danışığı zamanı Belarusu artıq müzakirə etdiklərini də əlavə edib.
“Bu baxımdan Putin çox layiqli davrandı. Sonra məni çağırdı və Belarusu icazəsiz müzakirə etdiyinə görə üzr istədi. Mən ona dedim: “Onunla danışdığın üçün sənə təşəkkür edirəm”. Buna görə qoy Belarus barədə danışsınlar, heç olmasa harada yerləşdiyini bilsinlər”,- deyə A. Lukaşenko vurğulayıb.
Xatırladaq ki, mayın 23-ü Yunanıstandan Litvaya gedən “Ryanair”ə aid 123 nəfəri daşıyan təyyarə bomba xəbərdarlığı iddiası ilə Belarus hava məkanında məcburi endirilib. Sərnişinlər arasında olan “Nexta” ve “Belarus Golovnogo Mozga” teleqram kanallarının rəhbəri Roman Protaseviç və sevgilisi Sofiya Sapeqin saxlanılıb.
Aİ Şurası Roman Protaseviç və Sofiya Sapeqinin dərhal sərbəst buraxılmasını və onların hərəkət azadlığının təmin olunmasını tələb edib. Eyni zamanda bir sıra Aİ ölkələri Belarusa və Belarus hava məkanından uçuşları dayandırmaq qərarı alıb.